Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır.İxtisas seçimi tələbə olmağa hazırlaşan gənclər üçün mühüm əhəmiyyət kəsb edir. Sevdiyi ixtisasa qəbul olan gənclərin tələbəlik həyatlarını daha məhsuldar keçirdiklərini, gələcəkdə sahib olacaqları peşə üzrə daha dərin biliklərə yiyələndiklərini, daha bacarıqlı və savadlı kadr kimi yetişdiklərini deyə bilərik. İxtisas seçimi universitet həyatının başlanğıc, bəlkə də ən mühüm mərhələsidir. İxtisas seçimini tələbə adı qazanacaq gənclərin həyatlarında verəcəyi ilk önəmli qərar da hesab edə bilərik. Əmək bazarında yeni çağırışların yarandığı bir dövrdə düzgün ixtisası seçmək vacib məsələyə çevrilib. Bu günlə və gələcəklə səsləşən ixtisaslar üzərində qərarlaşmaq məzun olduqdan sonra iş tapmaq, karyera qurmaq imkanlarını artırır.

Ölkədə ali təhsil pilləsi inkişaf edir, müasir dövrlə səsləşən yeni ixtisaslar açılır. Bu il həm də ölkənin təhsil həyatı üçün əlamətdar hadisələrlə yadda qaldı, artıq bu ildən tələbələr ixtisas seçimində iki yeni universiteti qeyd edə biləcəklər. Prezident İlham Əliyevin sərəncamı ilə İşğaldan azad edilmiş Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayır. Universitetə xarici tələbələrin cəlb edilməsi də hədəflənib. Universitet müasir infrastruktura malikdir, tələbələrin rahatlığı üçün bir çox imkanlar yaradılıb. Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin həyata keçirilməsi planlaşdırılır. Tədris Azərbaycan və ingilis dilində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Eyni zamanda ikili diplom sistemi əsasında Türkiyə-Azərbaycan Universitetinə də bu il tələbə qəbulu aparılacaq. Universitet kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir.Tədris ingilis dilində türkiyənin aparıcı universitetlərində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Gələcəkdə magistr və doktorantura pillələrinə də tələbə qəbulu həyata keçiriləcək.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında qeyd edib ki, ixtisas seçimi insanın gələcək həyatında, onun cəmiyyətə faydalı şəxs kimi yetişməsində mühüm rol oynayır: 
“Bu baxımdan gənclər ixtisas seçimində diqqətli olmalıdırlar. Əlbəttə mütəxəssislərin, peşəkarların tövsiyələrini nəzərə almaq pis olmazdı, amma vacib məqamlardan biri də ondan ibarətdir ki, insan sevdiyi ixtisasa, peşəyə sahib olmalıdır, gələcəkdə özünü hansı sahədə görürsə, həmin ixtisas üzrə də ali təhsilə yiyələnməlidir. Ağıllı, düşüncəli yanaşma olmalıdır ixtisas seçimi zamanı, çünki bu məsələdə təkcə həvəs, istək kifayət etmir. Valideyn olaraq övladlarımızda doğru seçim bacarıqlarını formalaşdırmalıyıq, eyni zamanda gənclər özlərini təsdiq etməyi, özlərini tanımağı bacarmalı, nə istədiklərini bilməlidirlər. Bəzən abituriyentlər istədikləri ixtisas qrupu üzrə universitetə hazırlaşmırlar, kənar müdaxilələrə görə tamam başqa sahəyə yönəlirlər. Hesab edirəm ki, bir gənc öz istəyini, verəcəyi qərarı əsaslandıra bilirsə, deməli onun seçimi məntiqə, ağıla söykənir. Belə gənclərin seçiminə qarışmaq, istəklərini qarşı çıxmaq doğru olmazdı. İstəklərini reallaşmdırmaq yolunda onlara yalnız dəstək olmalıyıq. Universitet insanda faydalı bacarıqlar formalaşdırır. Gənclərə tövsiyəm odur ki, sahibi olmaq istədikləri ixtisas üzrə özlərini inkişaf etdirsilər, tələbəlik həyatlarında yeniliklərə açıq olsunlar, daim öyrənsinlər, yeni biliklər əldə etsinlər, bacarıqlar qazansınlar. Həyatda istədiyini nail olmaq üçün davamiyyət vacibdir, dayanmadan öz üzərində işləmək lazımdır, dayanmadan çalışmaq, mübariz olmaq şərtdir. Bu keyfiyyətlər sahib tələbələr məzun olduqdan sonra yaxşı mütəxəssis ola bilərlər”.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ixtisas seçim zamanı psixoloji gərginlik yaşayan abituriyentlərlə öz tövsiyələrini bölüşüb: 
Valideynlər övladları ilə münasibətlərini sağlam düşüncə ilə formalaşdırmalıdırlar. Gözləntiləri aydın ifadə etmək lazımdır. Ört-basdır edilən düşüncələr gözləntiləri davamlı böyüdür. Valideynlər imtahan məqamlarında övladları ilə dialoq qurmalıdırlar. Onları suisidal düşüncələrin formalaşmasına təhrik etmək olmaz. Nəticənin necə olmasından asılı olmayaraq yanaşmanı dəyişmək lazımdır. Məna yüklənilən istənilən anlayış psixoloji gərginlik yaradır. Hadisələr fəlakətləşdirilməməlidir. Seçimlərə hörmət etmək lazımdır. Bütün hallarda doğru seçimi insan özü edir və məsuliyyəti də özü daşıyır. Valideynlər övladlarına qarşı hər zaman anlayışlı olmalıdırlar. Hansısa psixoloji halın nizamsızlığı yaranarsa, psixi sağlamlıq mütəxəssislərinə müraciət edilməlidir”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqamətində hazırlanıb.
Törə Zeynallı Demokrat.az


