Bir neçə gündür paytaxtda küləkli hava şəraiti müşahidə olunur. Çimərlik mövsümünün davam etdiyi vaxtda küləkli hava təhlükəsizlik məsələsini ön plana çıxarır. Fövqəladə Hallar Nazirliyi bununla bağlı əhaliyə müraciət edib. Küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğu və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacib olduğu vurğulanıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında küləkli havada dənizə girməyin son dərəcə riskli olduğunu deyib:
“Çimərliyə gedərkən hava şəraitini nəzərə almaq lazımdır. Əlverişsiz havalarda dənizə girmək olmaz. Xüsusən küləkli havada çimərlikdə istirahət bədbəxt hadisə ilə nəticələnə bilər. Küləyin sürəti saniyədə 12 metrdən çoxdursa, suya girmək təhlükəlidir. Küləkli havalarda dənizə girmək nəzarətsiz çimərliklərdə daha da risklidir. Boğulma təhlükəsi yaranarsa, şəxsi xilas etmək mümkün olmaya bilər. FHN-nin nəzarətində olan çimərliklərə üz tutmaq lazımdır.
Əgər hər hansı təhlükəli hal baş verərsə, ən azından xilasedicilər dərhal köməyə gəlirlər. Statistika göstərir ki, boğulma hallarının 95 faizindən çoxu nəzarətsiz ərazilərdə baş verir. Bəzən küləkli havalarda yeniyetmələrin, gənc oğlanların dənizdə boğulması xəbərlərini eşidirik. Təəssüfedici haldır. Kiminsə çox yaxşı üzə bilməsi təhlükədən sığortalanacağına zəmanət vermir.
Çox yaxşı üzən insanlar da əlverişsiz havalarda dənizdə bata bilərlər, su bəzən insanı yanılda bilir, bir anlıq diqqətsizlik, yorğunluq insanı suyun dərinliklərinə çəkib apara bilər. Hər birimiz həyat və sağlamlığımızın keşiyində durmalıyıq”.
Törə Zeynallı Demokrat.az


