Gündəm Özəl

"Dırnaqarası ucuzlaşma Azərbaycanda da gedir" — Ekspert

Dırnaqarası ucuzlaşma Azərbaycanda da gedir — Ekspert

İyul ayında dünya ərzaq məhsullarının qiymətlərinin cüzi azaldığı bildirilib. Çünki taxıl indeksinin azalması ət, bitki yağları və şəkərin qiymətlərindəki artımla qismən kompensasiya edilib. Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən tərtib edilən dünya ərzaq qiymətləri indeksi iyunda yenidən işlənmiş 121-ci səviyyəsindən iyul ayında 120,8-ə düşüb.Belə ki, qlobal ərzaq qiymətləri son 5 ayda ilk dəfə ucuzlaşıb.

Bu ucuzlaşma ölkəmizdə də müşahidə oluna bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ənənəvi məhsulların ucuzlaşması, ümumi ərzaq məhsulları səpətində ucuzlaşma fonu yaradır.

Akif Nəsirli qeyd edib ki, biz bu ucuzlaşmaya “dırnaqarası ucuzlaşma"deyirik:

“Mövsümi amillərlə bağlı hər il demək olar ki, mütəmadi olaraq yay aylarında dünyada, o cümlədən, Azərbaycanda da ərzaq məhsullarının ucuzlaşması müşahidə edilir. Lakin hava şəraitinin qeyri-sabit və əlverişsiz keçməsi nəticəsində son 3-4 ayda Azərbaycanda ərzaq məhsullarının qiyməti mövsümə gec reaksiya verir. Məsələn, ötən il bu vaxtı pomidorun qiyməti 50 qəpik idi, amma indi 1 manatdan çoxdur.

Əgər mövsumi amillərlə ucuzlaşmanı nəzərə alsaq, hal-hazırda indiyənə qədər kənd təsərrüfatı üçün vəziyyətin gərgin keçməsinə baxmayaraq ölkəmizdə dünyaya nisbətən daha çox ərzaq məhsullarının qiyməti ucuzlaşıb. Söhbət kənd təsərrüfatı məhsullarından, əsasən bostan, tərəvəz bitkilərindən gedir. Yəni bunlar mövsumi amillərin təsiri altında ucuzlaşır və orta hesabla ümumi məhsulların ucuzlaşması fonu yaradır. Məsələn, qarpızın kilosu qışda 5 manat idi, indi 50 qəpiyə düşüb. Bu statistik göstəricidə ucuzlaşma fonu yaradır. Digər kənd təsərrüfatı meyvə-tərəvəzlərin ucuzlaşması ümumi ərzağın ucuzlaşmasında ucuzlaşma fonu yaradır. Dünyada da belədir. Azərbaycanda o fon daha kəskindir.

Amma məsələ burasındadır ki, digər ərzaq məhsulları ki var: ət, yağ, şəkər tozu, bitki yağları bunların qiymətində ucuzlaşma yoxdur. Sadəcə olaraq mövsümlə əlaqədər meyvə-tərəvəz ucuzlaşır deyə ucuzlaşmada orta hesabla götürülür. Buna görə yəni, dünyada da ucuzlaşma azda olsa, Azərbaycanda da həmçinin yay aylarında ucuzlaşma müşahidə olunur. Bu il təsirlər əlverişsiz hava şəraiti nəticəsində bir qədər azalıb. Yayın ilk aylarında o ucuzlaşmanı kəskinliklə müşahidə etmədik. Amma indi artıq avqust ayında ucuzlaşma müşahidə olunur və bu ucuzlaşma ilə dünyada getdiyi kimi Azərbaycanda da gedir.

Əhaliyə desək ki, məhsullar ucuzlaşır, ərzaq ucuzlaşır, onlar təəccüblənər ki, ərzaq ucuzlaşmır axı. Amma məsələ burasındadır ki, ənənəvi məhsullar ucuzlaşmasa da, meyvə-tərəvəzin ucuzlaşması umumi ərzaq məhsulları səpətində ucuzlaşma fonu yaradır. Dünyada və Azərbaycanda baş verən ucuzlaşma bu şəkildədir. Əslində o ucuzlaşmaya “dırnaqarası ucuzlaşma"deyirik. Dırnaqarası ucuzlaşma Azərbaycanda da gedir. Bayaq qeyd elədiyim kimi, qarpız 5 manat idi, indi 50 qəpiyə düşüb, pomidor 5 manat idi, indi 1 manat 50 qəpiyə düşüb. Tutaq ki, kartof 2manat idi, indi 80 qəpiyə düşüb, soğan fevral-mart ayında 1 manat idi, indi 30-40 qəpiyə düşüb. Yəni bu məhsulların kəskin ucuzlaşması ümumi ərzaq səbətində ucuzlaşma fonu yaradır. Bu da ümumi hesabda cuzi uculaşma gətirib çıxardır. Dünyada müşahidə olunan eyni ilə Azərbaycanda da müşahidə edilir”.

Zəhra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova