Gündəm Özəl

“Jurnalistika hüquqşünaslığa qəbul ola bilməyənlərin “dayanacaq” yeri olmamalıdır” — Baş redaktor

“Jurnalistika hüquqşünaslığa qəbul ola bilməyənlərin “dayanacaq” yeri olmamalıdır” — Baş redaktor

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi. Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar. İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

Jurnalistika ixtisasına qəbul olunmaq üçün keçirilən qabiliyyət imtahanı barədə tənqidi fikirlər səslənir. Bəzi peşəkar media nümayəndələri imtahandakı mövzuların bəsit olduğunu iddia edirlər. Qabiliyyət imtahanına ümumiyyətlə ehtiyac olmadığını hesab edənlər də az deyil.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.

Onun fikrincə, jurnalistikaya marağın yüksək olması müsbət haldır:

“Bu məsələ ilə bağlı konkret fikir bildirməyə çətinlik çəkirəm. Çünki peşəkarlığına şübhə etmədiyim xeyli qələm adamı jurnalistika ixtisasını seçən abituriyentlər üçün qabiliyyət imtahanının vacib olduğunu deyirlər. Yenə peşəkarlığına şübhə etmədiyim çoxlu sayda jurnalist buna lüzum olmadığını, abituriyentlərə əlavə təlaş yaşatdığını iddia edirlər. Maraqlısı isə odur ki, hər iki tərəf fikrini kifayət qədər dəlillərlə əsaslandıra bilir. Düşünürəm ki, bununla bağlı geniş müzakirələrə ehtiyac var. Hələlik isə onu deyə bilərəm ki, 800-dən çox abituriyentin jurnalistika ixtisasını seçməsi müsbət haldır. Müvafiq qurumların vəzifəsi onların arasından ən layiqliləri seçməkdir”.

Son bir neçə ildə jurnalistika ixtisasına qəbul prosesində qabiliyyət imtahanının tətbiq olunduğunu vurğulayan müsahibimiz tədrisdə əsaslı dəyişikliklərə ehtiyac olduğunu hesab edir:

“Hələ də 3-cü və 4-cü kurs tələbələrinin xəbər yazmağa çətinlik çəkdiklərinin, bəzən cümlə qura bilmədiklərinin şahidi oluruq. Düşünürəm ki, universitetlərdə jurnalistika fənninin tədrisində köklü dəyişikliklərə ehtiyac var. Jurnalistika hüquqşünaslıq ixtisasına qəbul ola bilməyən tələbələrin “dayanacaq” yeri olmamalıdır. Jurnalist olmaq arzusu ilə alışıb-yanan gənclərin bu ixtisas üzrə təhsil almasının yollarını tapmaq lazımdır. Düşünürəm ki, savadlı, bacarıqlı gənclərin jurnalistikanı seçməsinin bir yolu da bu peşənin nüfuzunu artırmaqdan keçir. Jurnalistikanın nüfuzunu artırmaqla, savadlı gənclərin bu sahəyə axınını təmin etmək mümkündür”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova