Hadisə Özəl

“Tiktok”da mübahisə edən yeniyetmələr arasında qanlı DAVA

“Tiktok”da mübahisə edən yeniyetmələr arasında qanlı DAVA

Qazax rayonunda 2009-cu il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Məmmədə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 29-da Qazax rayonunun Xanlıqlar kəndi ərazisində baş verib. Vüsal kənd ərazsində olan ağaclıq ərazidə 2008-ci il təvəllüdlü Məmmədin təşəbbüsü ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Vüsal onu döyməsi səbəbindən yaşadığı evdən götürdüyü bıçaqla Məmmədi iki dəfə vurub.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər Məmmədlə birlikdə məşqə gedib, daha sonra isə o, məşqdən ayrılıb:

“Bir müddət sonra Məmmədlə aramızda mübahisə yarandı. Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Həmin mübahisədən bir neçə ay sonra Məmməd “Tik tok” sosial şəbəkəsində canlı yayım açdı. Mən də bir məşq yoldaşı kimi Məmmədin canlı yayımına baxdım. Canlı yayım zamanı yenə Məmmədlə aramızda mübahisə baş verdi. Bu mübahisədən sonra müxtəlif adamlardan Məmmədin məni öldürəcəyi barədə söz-söhbət yaydığını eşitdim. Mən bu məsələyə aydınlıq gətirmək üçün Məmmədlə görüşdüm. Görüş zamanı Məmmədlə yenidən mübahisə etdik. Məmməd mənə söyüş söyüb boğazımdan tutdu. Mən də üzərimdəki bıçağı çıxararaq Məmmədi vurdum. Daha sonra kömək gəlməyəcəyi təqdirdə kömək etmək üçün bir qədər Məmmədin yanında dayandım. Lakin tanımadığım şəxslər səs-küyə gələrək mənə getməyimi dedilər. Mən də evə getdim. Hadisəni törətdiyim bıçağı isə arxa atdım”.

Təqsirləndirilən şəxs bildirib ki, Məmmədin onu öldürəcəyini deməsini başqa-başqa adamlardan eşidib və həmin məsələnin aydınlaşdırılması üçün onunla görüşüb: “Məmməd mənə zəng etdiyi zaman biz məsələni aydınlaşdırmaq üçün görüşmək qərarına gəldim. Yaşadığım ərazidə sahibsiz itlər çox olduğu üçün bıçağı küçə itlərindən qorunmaq məqsədi ilə üzərimdə götürmüşəm. Ona görə də bıçağı Məmmədi vurmaq məqsədilə götürməmişəm. Sadəcə qorxutmaq istəmişəm. Görüş zamanı birinci Məmməd mənə qarşı nalayiq ifadə işlətdi və sinəmdən yumruqla vurdu. Sonra isə əli ilə boğazımdan tutdu. Mən də Məmmədə biri kürək, biri isə sinə nahiyəsinə olmaqla iki bıçaq zərbəsi vurdum. Məmmədə xəsarət yetirdikdən sonra yanında dayandım. Xəsarət yetirdikdən sonra Məmməd qışqırdığı üçün tanımadığım şəxslər yanımıza gəldi və mənə getməyimi dedilər. Xəsarət yetirən zaman Məmmədlə məndən başqa hadisə yerində heç kim olmayıb. Törətdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, əvvəllər birlikdə Vüsalla məşq edib, lakin qolu qırıldığı üçün sonradan məşqi dayandırıb: “Mən isə məşqə davam etmişəm. Bir müddət sonra “Tik tok” sosial şəbəkəsində canlı yayım açdım. Vüsal da mənim yayımıma qoşuldu. Canlı yayım zamanı Vüsalın qolunun qırılması ilə bağlı zarafat etdiyim üçün aramızda mübahisə yarandı. Canlı yayım bitdikdən sonra Vüsal mənə “Whatsapp” proqramı vasitəsilə yazaraq mübahisəni aydınlaşdırmaq üçün görüşməyi təklif etdi. Mən də razılaşdım. Görüş zamanı biz bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Daha sonra mən Vüsala əl-qol atdım. Vüsal isə məni bıçaqla vurdu”.

Məmməd qeyd edib ki, Vüsalın qolunun necə qıqırlmasını soruşaraq zarafat edib: “Vüsal da canlı yayım bitdikdən sonra mənə yazdı. Vüsal yaranmış söz-söhbəti aydınlaşdırmaq üçün görüşməyi təklif etdi. Mən də razılaşdım. Vüsalla görüşməyə gedərkən üzərimdə bıçaq olmayıb. Mən özüm tək getmişəm. Görüşən zaman aramızda sözlü mübahisə yarandı. Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Daha sonra mən bir dəfə Vüsalın sinəsindən yumruqla vurdum və boğazından əlim ilə tutdum. Vüsal da həmin vaxtı bıçaqla mənə xəsarət yetirdi. Vüsal mənə biri kürək, biri isə sinə nahiyəmdən olmaqla ardıcıl iki dəfə bıçaqla xəsarət yetirdi. Hadisədən sonra Vüsal yanımda dayandı. Həmin vaxtı məni tanımadığım şəxslər avtomobillə xəstəxanaya apardılar. Təqsirləndirilən şəxsla barışmışam, aramızda ədavət və ya düşmənçilik yoxdur. Ondan şikayətim yoxdur”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova