Sosial Özəl

Dini işlər sahəsində islahatların aparılması vacibdir — İlahiyyatçı

Dini işlər sahəsində islahatların aparılması vacibdir — İlahiyyatçı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov imam kimi fəaliyyət göstərən ilahiyyatçı alimlərlə görüşüb. Görüşdə din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlərin keçiriləcəyi açıqlanıb. Komitə sədri Azərbaycan İlahiyyat İnstitutunda İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyən milli kadrların hazırlanmasını, eyni zamanda din xadimlərinin müsahibə yolu ilə seçilərək fəaliyyət göstərmələrini bu sahədə mühüm addım kimi dəyərləndirib. Bütün bunların nəticəsində cəmiyyətdə din xadimləri barədə formalaşan stereotiplərin dəyişilməsinə baxmayaraq, hələ də din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə ehtiyac olduğunu və bu səbəbdən Dövlət Komitəsi tərəfindən təlimlərin keçiriləcəyini deyib.

Din xadimlərinin təlimlərə cəlb edilməsinə münasibət bildirən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, onların hazırlıq səviyyəsi yüksəldilməlidir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, din xadimlərinin əksəriyyəti xaricdəkiləri təqlid edənlər yaxud xaricdə təhsil alanlardır:

“Araşdırmalarımız göstərir ki, bu gün sosial şəbəkələrdə özünü dindar kimi təqdim edən zümrənin islah olunmasında bu din xadimlərinin heç bir yolu yoxdur. Əksinə, bəzən bu kampaniyalara bəzi din xadimlərinin himayədarlıq etdiyinə dair faktlar var. Ona görə də öncə din xadimlərinin özləri islah edilməlidirlər. Din xadimi bu gün dövlətə hansı faydanı verir? Bunu analiz etmək lazımdır. Mənəvi dəyərləri təbliğ etməli olan din xadimi məzhəb ixtilafı, sünni-şiə münaqişəsini qızışdıran xütbələr, moizələr edir. Bəzən də İran mollalarından ilham alıb məscid minbərini siyasi tribunaya çevirib deputatlara, siyasilərə, hətta partiyalara meydan oxuyurlar, şantaj edirlər. Belə din xadimi olar? Ona görə savadlı adamlara, ilahiyyatçılara yer verilməlidir. Ölkədə sağlam, vətənpərvər ilahiyyatçıları Qafqaz Müsəlmanları İdarəsi demək olar ki, məhv etdi ki, İran təhsilli öz adamlarını yerləşdirsin. Yerli təhsil alan, vətənpərvər, savadlı ilahiyyatçılar da kənarda qaldı. Təlimlər keçilməlidir, dəyişiklik, yenilik olmalıdır. Xaricdəki din xadimlərinə təqlidi, tabeçiliyi yığışdırmaq lazımdır. Artıq bir ilahiyyatçı olaraq sosial şəbəkədə, mətbuatda çıxış etməyə peşmanıq. Dərhal radikal qruplar, xarici qüvvələrə bağlı şəxslər təhdid, təhqir yağdırır”.

Ekspert Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin peşəkar, təcrübəli kadrlardan istifadə etməli olduğu fikrindədir:

“Din xadimlərinin bugünkü fəaliyyətini qənaətbəxş hesab etmirəm. Belə təlimlər də formal xarakterli olmamalıdır, əgər nəyisə dəyişəcəksə, bəhrə verəcəksə, təşkil edilməlidir. Ölkənin tanınmış ilahiyyatçılarına, dinşünaslarına ögey münasibət göstərmək olmaz. Fikrimcə, islahatların aparılması vacib olan ən birinci sahə dini işlər sahəsidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova