Siyasət Özəl

"Suriyanı kompromisə məcbur edə bilərlər" — Ərdoğan-Əsəd görüşündən gözləntilər

Suriyanı kompromisə məcbur edə bilərlər — Ərdoğan-Əsəd görüşündən gözləntilər

“Ərdoğanla Bəşər Əsəd arasında görüşün keçirilməsi uzun müddətdir müzakirə olunur. Tərəflər bir-birinə şərt qoyduğu üçün görüş uzanır. Bəşər Əsədin tələbi odur ki, Türkiyə qoşunları Suriyadan çıxsın, ölkəni tərk etsin. Türkiyə isə o zaman Suriyadan çıxacağını bildirib ki, Suriya öz ərazisində xüsusən də Türkiyə ilə sərhəddən PKK militanlarını çıxarsın”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, tərəflərin komporomisə gedəcəyi real görünmür hələ ki:

“Düşünürəm ki, Türkiyə bu məsələdə real addım ata bilər və nəticə əldə olunar. Rusiya ilə birlikdə Suriyanı bu məsələdə razılığa gətirmək olar. Türkiyə onsuz da Suriyanı tərk etməyəcək, çünki tampon bölgədir. Burada terror təşkilatlarının hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaq istəyirlər. Türkiyə 3 milyona yaxın suriyalı qaçqının öz ərazilərinə qaytarılmasını həyata keçirə bilər, amma bu, böyük vəsait tələb edir. Bir məsələ var ki, köçürülən qaçqınlar Şama gedib çıxmayacaqlar, çünki Əsəd rejimindən qaçıblar. Türkiyə yaradacağı tampon bölgədə qaçqınları yerləşdirib bölgənin statusunu müəyyən edə bilər. Suriya Türkiyə ilə müqayisədə kiçik dövlətdir, kompromisə məcbur edə bilərlər, amma bunun nəticəsi nə olacaq sual altındadır”.

Qeyd edək ki, avqust ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında görüş olacağı gözlənilir. Bu, 2011-ci ildən bəri ölkə başçılarının ilk görüşü olacaq.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova