Ceyhun Kərəmov jurnalistlərə açıqlamasında deyib ki, ötən tədris ilində peşə təhsili müəssisələrindən məzun olan tələbələrdən 20%-i məzun olmadan işlə təmin edilib.Yəni 13 mindən çox şəxsdən təxminən 3000-nə yaxını işlə təmin olunub, onların da 70 faizi oğlanlardır.
Statistikadan da görünür ki, peşə təhsili daha çox oğlanlar arasında yayılır. Qızların peşəyə yiyələnməsinin daha vacib olduğunu sosioloq Lalə Mehralı bildirib.
O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, peşə təhsili oğlanlarla yanaşı qızlar üçün də aktual olmalıdır:
“Qızların əksəriyyəti ailə qurandan sonra daimi işə gedib-gəlməklə bağlı problemlər yaşayır. Hamiləlik dövrü ağır keçir, övladı doğulur, süd vermə dövrü olur, yəni işə getmək özündən və ya ailəsindən asılı olmayan səbəblərdən çətin olur.
Qızlar peşəyə yiyələnərsə, evdən çıxmadan da işləyə, gəlir əldə edə bilərlər. Dərzi, kulinar, qənnadı, toxucu, saç, dırnaq ustası kimi peşələrə daim tələbat var. Hamı istəyir ki, ali təhsilə yiyələnsin, amma bu gedişlə ölkə diplomlu işsizlərlə dolur. Yaxın gələcəkdə işlə təmin olunmaq böyük problemə çevriləcək. İnsanların əlində sənət olarsa, bu, problem böyüməz. Dövlət özünüməşğulluq proqramı həyata keçirir, sənət sahibi olanlara dəstək göstərilir, avadanlıqlarla təmin olunurlar. Bundan şəxsin özü də, dövlət də xeyir görür. Xüsusən də qızların peşə təhsilinə yiyələnməsi onların gələcəyə özləri üçün etdikləri yatırımdır”.
Törə Zeynallı Demokrat.az


