Gündəm Özəl

Erkən nikahlar azalacaq — Qanun dəyişdirildi

Erkən nikahlar azalacaq — Qanun dəyişdirildi

Ailə Məcəlləsinə dəyişiklik qəbul edilib. Belə ki bundan sonra ölkədə nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. Bununla bağlı Prezident İlham Əliyev Məcəlləyə edilən dəyişikliyi təsdiqləyib.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında dəyişikliyi müsbət qiymətləndirdiyini deyib:

Erkən nikahlar azalacaq — Qanun dəyişdirildi
“Əvvəlki qanunvericiliyə əsasən nikah yaşı istisna hallarda bir il azaldıla bilərdi. Bunun üçün də müvafi qanunda göstərilən iki şərt mövcud olmalı idi. Amma bəzən qanunun verdiyi bu icazədən sui-istifadə halları olurdu. Tələb olunan şərtlərin mövcudluğunu göstərmək üçün bəzi ailələr saxta sənəd düzəldirdilər. Ailə Məcəlləsində nikaha bir il tez daxil olmağa icazə verən maddənin ləğvi gözlənilən idi, Milli Məclisdə uzun müddət idi ki, bu məsələ müzakirə olunurdu. Düşünürəm ki, erkən nikahların azalmasına bu dəyişikliyin müsbət təsirini görəcəyik”.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova