“Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına da daim səy göstərir”.
Bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkəsi Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində iştirak edir və Türkiyə ilə münasibətlərin tam nizamlanmasına səy göstərir:
“Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, regiona müsbət təsir göstərəcək”, - Mirzoyan əlavə edib.
Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında Mirzoyanın açıqlamasını pozitiv dəyərləndirib:
“Amma xarici işlər nazirinin səsləndirdiyi fikirləri reallaşdıracaq güc varmı Ermənistanda?! İstək var, amma bunu reallaşdırmağa cəsarət də olmalıdır Ermənistan tərəfində. Ermənistan bu gün həm Rusiyanın, həm də Qərbin təsiri ilə prosesləri başqa istiqamətlərə yönəldir, onun üçün bu, asan məsələ deyil.
Azərbaycan hər zaman sülh müqaviləsini imzalamağa hazırdır, bir şərtlə ki, qoyulan tələblər yerinə yetirilsin. Ermənistanın konstitusiyası dəyişilməsə, revanşist meyillər aradan qalxmasa, sülh müqaviləsinin heç bir təsir və faydası olmayacaq.
Ermənistan həqiqətən regiona fayda vermək və gələcəyə dair pozitiv yanaşma sərgiləmək istəyirsə, məlum tələbləri yerinə yetirməlidir. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı konstitusiyadasındakı ərazi iddialarından əl çəkib münasibətləri bərpa edərsə, bu onun özünə də faydalı olar. Lakin hələ ki kənar qüvvələr Ermənistanın bu addımı atmasına icazə vermir”.
Törə Zeynallı Demokrat.az


