Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla ilə İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd olunub ki, səfirliyin işinin bərpası qarşılıqlı Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasındasabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, əgər onlar yenə də İranın Bakıdakı səfirliyi sözünü yazsalar, gərək biz də Tehranda Azərbaycanın səfirliyi yazaq.
Qabil Hüseynli qeyd edib ki, bu məsələlər birdəfəlik yoluna qoyulmalıdır:
“Bizim səfirliyimiz həmişə İranda olub. İranın da səfirliyi hələ sovet dövründə Azərbaycanda olub. Səfirliyimizə hücum oldu, provokasiya təşkil olundu və orda bizim səfirlik bağlandı. İran özünün nümayəndəliyini burada 60-ci illərdə açıb. Amma buna baxmayaraq, onlar Azərbaycan demirdilər. İranın Bakıdakı nümayəndəliyi deyirdilər. Yəni 60-ci illərdə İran özünün nümayəndəliyini burada açıb. Hələ də səfirliyi İranın Bakıdakı səfirliyi adlandırırlar. Bu məsələni birdəfəlik yoluna qoymaq lazımdır. Demək lazımdır ki, İranın Bakıda səfirliyi olmur, ölkədə səfirliyi olur. Ölkə də Azərbaycandır. Azərbaycan da müstəqil, suverən bir ölkədir və Azərbaycan Respublikasında İranın səfirliyi olmalıdır. Yenə də bunlar İranın Bakıdakı səfirliyi sözünü yazsalar, gərək biz də Tehranda Azərbaycanın səfirliyi yazaq. Bu məsələlərdə belə sadəlövh fikirləşməyək ki, yeni prezident türk əsillidir və o gəlibsə, hər şey yaxşı olacaq. Nə olsun ki, türkəm deyir. Əsas odur ictimai inkişaf üçün nə edəcək bu mövzulara diqqət etməliyik. Bu kimi məsələləri gələcəkdə anlayacağıq”.
Əfsanə Rəcəb Demokrat.az


