Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib. Səfər zamanı Prezident Pakistanın Baş naziri ilə görüşürək ikitərəfli əlaqələri müzakirə ediblər.
Bəs, baş tutan səfər fonunda Azərbaycan-Pakistan əlaqələri iqtisadi cəhətdən hansı sahələrdə irəliləyə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, iqtisadi baxımdan Azərbaycan ilə Pakistanın yaxınlaşması hər iki ölkəyə mənfəət gətirə bilər.
Akif Nəsirli qeyd edib ki, pakistanlı investorların Azərbaycan iqtisadiyyatına böyük maraqları var:
“Azərbaycan-Pakistan münasibələrinin təməli xeyli əvvəl qoyulub. Pakistandan əsasən bizə qida məhsulları idxal edilir. Daha çox idxal edilən isə düyüdür. Bizim Pakistan ilə daha çox hərbi-siyasi əməkdaşlığımız var. Bu əməkdaşlıq Prezidentimizin səfərindən sonra daha da genişlənəcək. Bu səfərdən sonra azərbaycanlı iş adamları Pakistan iqtisadiyyatına, həmçinin, pakistanlı iş adamları da ölkəmizə diqqət edəcək. Hər iki ölkənin iş adamları maraq göstərdiyi sahələrə artıq bundan sonra yatırım qoya biləcəklər və ya ixrac-idxal potensialları üzərində düşünəcəklər. Düşünürəm ki, bu görüşdən sonra iqtisadi istiqamətdə inkişaf daha çox olacaq. Yəqinki səfər zamanı müəyyən sənədlərin imzalanması nəzərdə tutulub.
Bizim iqtisadi cəhətdən əməkdaşlığımız və maraqlarımız üst-üstə düşür. Yəni iqtisadi baxımdan Pakistan ilə əməkdaşlıq eləyə və yaxınlaşamağa dəyər. Pakistanda yetişən elə məhsullar var ki, onlar Azərbaycanda ya yetişmir, ya da az yetişir. Həmçinin, əksinə, Azərbaycanda yetişən elə məhsullar var ki, Pakistanda yetişmir. Məsələn, Pakistanda nar yetişmir. Yəqinki bizim nar istehsalçılarımız Pakistana nar ixrac edə bilər. Bundan başqa limon, mandarin, sitrus meyvələri və s. misal gətirmək olar. Hər iki ölkə bir-birinə iqtisadi baxımdan maraqlıdır”.
Əfsanə Rəcəb Demokrat.az


