Xarici siyasət Özəl

Gürcüstan Qərbi, yoxsa Rusiyanı seçəcək? — AÇIQLAMA

Gürcüstan Qərbi, yoxsa Rusiyanı seçəcək? — AÇIQLAMA

“Gürcüstana qarşı təyziqlər artmaqdadır. Bunu Gürcüstanın “xarici təsirlərin şəffaflığı” haqqında qanunu qəbul etməsindən sonra rəsmi Tblisiyə Qərbin və ABŞ-nin qoyduğu səddlərdə aydın görmək olur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, təyziqlərin səbəbi Gürcüstan rəhbərliyinə yaxşı bəllidir:

“Onsuz da qanunu qəbul etməklə rəsmi Tbilisi belə hadisələrin olacağını gözləyirdi. Əslində, Qərb dövlətləri Cənubi Qafqazı itirmək qorxusu içərisindədir. Ona görə də bu narahatçılığı hər cür göstərməyə çalışırlar”.

X.Bəşirov Qərbin Azərbaycan vasitəsi ilə öz maraqları üçün Cənubi Qafqazda müəyyən cəhdlər etməsi mümkün olmadığını düşünür:

“Qərb Ermənistan vasitəsilə bütün addımları atır. Ermənistan da KTM-yə üzv dövlət kimi Rusiyaya qarşı öz vəzifə öhdəliklərini yerinə yetirməyə çalışır. Ancaq bu günə qədər Qərbin Ermənistan üçün ciddi addımlar atmasına şahid olmamışıq. Təbii ki, Gürcüstan da bu reallığı yaxşı görür və öz arqumentlərini dilə gətirərək diqqətə çatdırır ki, onlara qarşı ikili yanaşma olmamalıdır.

Gürcüstan dövləti daxili işlərinə qarışılmasını qəbul etmir. Çünki Gürcüstan da bilir ki, vətəndaş cəmiyyəti üzvlərini, medianı maliyyələşdirməklə, istənilən dövlətə nüfuz etmək asandır. Gürcüstan bunları özünün müstəqilliyinə təhdid kimi gördüyü üçün bu addımları atır”.

Politoloq qeyd edib ki, oktyabrda Gürcüstanda növbəti seçkilərin keçirilməsi gözlənilir:

“Seçkilərdən sonra artıq Gürcüstanın hansı yöndə mövqe tutacağını tam şəkildə görə bilərik.

Düşünürəm ki, bütün bu məsələlər bütövlükdə Qərbin Cənubi Qafqaza cığır açmaq istəyi ilə bağlıdır. Əgər Avropada insan hüquqlarına bu qədər önəm verilirsə, xalqın öz seçiminə də hörmətlə yanaşılmalıdır. Çünki Qərbin təsiri altında olan insanlardan başqa küçələrə insanların etiraz üçün axışdığını görməmişik”.

Şahanə Xankişiyeva Demokrat.az

D
demokrat.az