Qax rayonunda 1982-ci il təvəllüdlü Nəcəf şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Məhərrəmə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 17-də Qax rayonunun kəndlərindən birində baş verib.
Nəcəf yol kənarında yerləşən çayxananın qarşısında Məhərrəmə həyətyanı torpaq sahəsinə baxdığını bəhanə edib, ilk öncə ona qarşı ucadan nalayiq söyüşlər söyüb.
Daha sonra Nəcəf həmkəndlisinin sol gözünə qəsdən yumruqla bir dəfə zərbə vurub.
O, xuliqanlıq hərəkətlərini davam etdirərək hadisə yerinin yanında olan bulaq başında əl-üzünu yuyan Məhərrəmə yaxınlaşıb, ona qarşı bir daha nalayiq ifadələr işlədib.
Bu zaman Nəcəf təpiklə Məhərrəmin bədən nahiyəsinə vuraraq yerə yıxdıqdan sonra yerdə olarkən yumruqla zərbələr vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Məhərrəmi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur:
“Əvvəllər aramızda yol üstündə mübahisələrimiz olub. Avqustun 17-də, saat 20 radələrində evin həyətində olan zaman qonşuluqda yaşayan Məhərrəm motosikletlə oradan keçəndə evimin həyətinə baxdı. Bu hərəkəti xoşuma gəlmədiyi üçün onun arxasınca getdim. Məhərrəmi Həsənin çayxanasının qarşısında dayandığını gördüm. Yaxınlaşaraq ondan həyətimə baxmağının səbəbini soruşdum. Məhərrəm də pis niyyətlə baxmadığını dedim. Özüm də ona nalayiq ifadələr işlətdim. Sonra Məhərrəmin yaxasından tutdum və araya həmkəndlilərimiz girərək bizi araladı. Lakin Məhərrəmə yaxınlaşaraq sifətinə yumruqla zərbə vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman yenə onları hadisə yerində aralaşıdırıblar:
“Həmin vaxtı Məhərrəm həyətimə yenə baxacağını dedi, əl-üzünü yumaq üçün bulağın başına getdi. Onun yanına gedərək elə bir söz işlətməsinin səbəbini soruşdum. Sonra ilk öncə dizim ilə qarın boşluğuna vurdum. Daha sonra isə Məhərrəm yerə yıxıldı. Yerdə də ona bir neçə dəfə yumruqla bədəninə vuran zaman yenə bizi ayırdılar. Həmin vaxt ünvanıma nalayiq ifadələr işlətdiyi üçün özüm də onu söydüm. Ara sakitləşdiyi üçün evimə getdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərib ki, hadisədən sonra Məhərrəm üzr istəyərək onunla barışıb, Məhərrəm də onu bağışlayıb.
O, hərəkətindən peşman olmasını deyib.
İş üzrə zərərçəkmiş Məhərrəmin sözlərinə görə, əvvəllər Nəcəflə aralarında heç bir düşmənçilik və ədavət olmasa da, yol üstündə mübahisələri olub:
“Avqustun 17-də, saat 20 radələrində özümə məxsus motosikletlə kəndin içərisindən keçərkən arxaya baxan zaman Nəcəfin həyətinə baxaraq keçdim. Motosikleti sürüb çayxananın qarşısında dayanan zaman Nəcəf gəldi. Məndən məhəlləsinə baxmağımın səbəbini soruşdu. Özüm də təsadüfən baxdığımı və pis niyyətim olmadığını dedim. Lakin Nəcəf anidən yumruğu ilə sol gözümə vurdu”.
Zərərçəkmiş deyib ki, daha sonra özü arxaya çəkilib və çayxanada olan həmkəndliləri araya girib, onları aralayan zaman ünvanına nalayiq ifadələr işlədib:
“Nəcəfə etirazımı bildirəndə nalayiq söyüşlər söydü. Kənara çəkilərək bulaq başına yuyunmağa getdim. Təzəcə yuyunmağa başlayan zaman Nəcəf yanıma gəldi. Təpiklə ayağıma vuraraq məni yerə yıxdı. Yerdə də yumruqlarla bədənimə vurdu. Bu zaman yenə həmkəndlilərimiz yanımıza gələrək bizi ayırdılar. Nəcəf aralanaraq bir daha ucadan ünvanıma nalayiq ifadələr işlətdi. Özü orada dayanmayaraq evinə getdi”.
Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nəcəf 1000 manat miqdarında cərimə edilib.
Fariz Məlikli Demokrat.az


