Xəbər verdiyimiz kimi, təkrar sertifikasiyada 4 minə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib. Elm və Təhsil Nazirliyinin bu barədə məlumatında qeyd olunub ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının bugünkü iclasında 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi bildirilib. Eyni zamanda ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb. Bildirilib ki, iyunun 8-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Təhsil eksperti Elçin Murad Demokrat.az-a açıqlamasında deyib ki, hər il ölkədə müxtəlif istiqamətlər (ixtisaslar) üzrə dövlət tərəfindən sertifikasiya imtahanları keçirilir:
“Burada məqsəd təhsildə təlim və tədris ilə məşğul olanları şəffaf şəkildə məqbul yoxsa qeyri-məqbul olduğunu təsbit etməkdir. Bu il müxtəlif vaxtlarda sertifikasiya imtahanları keçirildi və təəssüf ki, orta məktəbdə dərs verən müəllimlərin bir qisminin yaxşı vəziyyətdə olmadığı aşkar olundu. Bütün bu nüanslar həmin müəllimlərin öz peşələrinə məsuliyyətlə yanaşmadığını göstərir. Halbuki bu müəllimlər bir cəmiyyət yetişdirir. Bu da təbii olaraq cəmiyyətdə bəzi suallar doğurur: Bu müəllimlər bir il müddətində necə dərs tədris ediblər? Bu müddət ərzində təhsil alanların təhsil səviyyələri nə yerdə qalıb? Mövcud vəziyyət bu suallara açıq şəkildə cavab verir ki, valideynlər övladının təhsilini başqa yerlərdə (kurslarda və ya repetitor yanında) möhkəmlətməyə çalışırlar. Məktəblərdəki bu cür neqativ halları aradan qaldırmaq üçün sertifikasiya imtahanlarının hər il keçirilməsi doğru bir addımdır. Bütün bunlarla yanaşı, orta məktəblərdə öz ixtisası üzrə yüksək nəticələrə sahib olan müəllimlərin olması, təbii ki, sevdirici haldır. Yaxın gələcəkdə ümid edirəm ki, orta məktəblərdə təhsil daha yüksək səviyyəyə çatdırılacaq”.
Törə Zeynallı Demokrat.az


