Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil 1 091-də tibb bacısı fəaliyyət göstərir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 238 bağça birqruplu olduğuna görə orada tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb. Ümumilikdə bağçalarda tibb bacısı vəzifəsi üzrə 339 vakant yer var.
Təhsil eksperti Elşən Qafarov Demokarat.az-a açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində problemlər ümumtəhsil məktəbləri, peşə məktəbləri, universitetlərlə müqayisədə daha çoxdur:
“Yerli icra hakimiyyətlərinin tabeçiliyində olduğu 10 il ərzində ölkədə cəmi 18 məktəbəqədər təhsil müəssisəsi tikildi, bu da tələbatı ödəmirdi. Hazırda ölkədə 1950 məktəbəqədər təhsil müəssisəsi var, onlarda da 18 min uşaq təhsilə cəlb olunub. Təkcə 3-6 yaşlı uşaqların sayı ölkədə 350 min nəfərdən çoxdur. Qanunvericliyə əsasən 1-6 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Onların sayı da 500 min nəfərdən çoxdur.
İcma əsaslı məktəbəqədər təhsil, ailə əsaslı məktəbəqədər təhsil qruplarında indiyə qədər 100 minə yaxın uşaq təhsilə cəlb olunub. Məktəbəqədər təhsil dünya təhsil sistemində mühüm yer tutur. Azərbaycanda bu sahədə mövcud olan problemləri həll etmək üçün dövlət proqramı qəbul edilməlidir.
Məktəbəqədər təhsil müəssisələrinə aid normativlər yumşaldılmalıdır. Özəl sektor dəstəklənməlidir ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişlənsin. İkinci ən böyük problem ötən 10 il ərzində ciddi qanun pozuntularının baş verməsidir. Bu müəssisələrdə təxminən 12 mindən artıq təhsilverən çalışır, amma 5 mindən yuxarı şəxsin təhsili yoxdur”.
Törə Zeynallı Demokrat.az


