Gündəm Özəl

“Universitetlərin əsas hədəfi reytinq cədvəllərində yüksəlmək olmamalıdır” — Təhsil eksperti

“Universitetlərin əsas hədəfi reytinq cədvəllərində yüksəlmək olmamalıdır” — Təhsil eksperti

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Siyahıda Azərbaycanın 3 universiteti təmsil olunub. Bakı Dövlət Universiteti 951-1000, Dövlət Neft və Sənaye Universiteti və İqtisad Universiteti1001-1200 diapazonunda yer alıb.

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, adıçəkilən üç ali təhsil ocağı bu reytinq cədvəlində hər zaman yer alıb, lakin görüləsi işlər hələ çoxdur. O, Demokrat.az-a açıqlamasında deyib ki, bunun üçün bir neçə komponentin inkişafına ehtiyac var:

“Universitetin özünün fəaliyyəti, digər universitetlərlə, şirkətlərlə əməkdaşlıq əhəmiyyətlidir. Son illərdə universitetlər bunu müəyyən qədər sürətləndirib. Qazaxıstan təcrübəsindən istifadə etməliyik. Bu ölkənin reytinqlərdə top 200-lükdə, 500-lükdə olan universitetləri var. Tələbə və müəllim kollektivinə əcnəbilər cəlb edilməlidir. Tələbə və müəllimlərin sayında əcnəbilər minimum 20 faizi təşkil etməlidir. Bu, çətindir, amma mümkündür. Bunun üçün ingilis dilində proqramlar açılmalıdır, xarici müəllimlərin universitetlərimizdə dərs deməsi üçün onların yaşam xərcləri qarşılanmalıdır”.

Ekspert digər bir məsələnin nəşrlərlə bağlı olduğunu qeyd edib:

“Universitetlərin əsas hədəfi reytinq cədvəllərində yüksəlmək olmamalıdır” — Təhsil eksperti

“Universitetlər nəşrlərinin sayını artırmalıdır. Düzdür, son illərdə bu sahədə irəliləyiş var, amma dünya universitetlərinin nəşrlərinin sayı ilə müqayisə etsək, hələ də arada ciddi fərq görürük. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəşrlərin çapı, elmi məqalələrin hazırlanması, elmi platformalardan istifadə ilə bağlı təlimlər keçir, seminarlar təşkil edir. Bu təlimlər əcnəbi mütəxəssislər tərəfindən verilir, ona görə də bəzən dil bariyerləri tam effektiv nəticə əldə olunmasına mane olur. Təklif edərdim ki, bu təlimlər öz dilimizdə keçirilməklə daha uzun müddəti əhatə etsin. Bakalavrın sonuncu kurs tələbələrinə və magistr tələbələrinə tədqiqat metodları sadə dildə izah edilməlidir. Universitetlərdə bu işlər gedir, amma tam arzuolunan səviyyədə deyil”.

E.Süleymanov əlavə edib ki, universitetin professor-müəllim heyətinin elmi məhsuldarlığının artırılmasına yönəlik diferensial əməkhaqqı sistemi tətbiq olunmalıdır:

“Məzunların məşğulluğu ilə bağlı universitlərdə məzun-karyera mərkəzi fəaliyyətini gücləndirməlidir. Bununla bağlı Dövlət Məşğulluq Agentliyinin məzunların məşğulluq reytinqi düşünürəm ki, yaxşı bir layihədir. Müxtəlif qrant layihələrində universitetlər aktiv iştirak etməlidir. Düşünürəm ki, beynəlxalq reytinq cədvəllərində yuxarı pillələrdə qərarlaşmaq universitetlərin əsas hədəfi olmamalıdır. Universitetlər özünu inkişaf etdirdiyi zaman onsuz da siyahıda yüksək yerlərdə olacaq. Təhsildə keyfiyyət artırsa, uğurlar da qazanılacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova