İsmayıllı rayon Bəhliyan kənd sakini Nuriyev Fayiz Ağamustafa oğlu, bu ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evinin ciddi xəsarət aldığını, buna baxmayaraq Fövqəladə Hallar Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən onun mənzili haqqında qənaətbəxş rəyi verildiyini bildirir.
Yeniavaz.com-a müraciət edən N. Fayiz zəlzələ nəticəsində yaşadığı evə xeyli maddi ziyan dəydiyini və təmir etməyə imkanının çatmadığını bildirib:
"Ailəm 4 nəfərdən ibarətdir. Zəlzələ nəticəsində evin tavan hissəsi qəza vəziyyətinə düşüb, divarlarda iri çatlar əməli gəlib, ona görə də evim tam yararsız hala düşüb.
Hal-hazırda yaranmış vəziyyət mənə və ailə üzvlərimə yaşadığımız evdə hərəkət etmək üçün məhdudiyyətlər yaradır. Kənd təsərrüfatı ilə məşğul olub ailəmi dolandırıram və evi bərpa etmək iqtidarında deyiləm".
O həmçinin bildirib ki, məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etsə də heç bir tədbir görülməyib. Belə ki, N. Fayiz qurum əməkdaşlarından yaşadığı evə baxış keçirilməsini və bərpa edilməsində köməklik göstərilməsini istəyib: "Onlara bildirdim ki, evimizə həşaratlar,gəmiricilər,ilanlar daxil olur".
Vətəndaş məsələ ilə bağlı FHN-ə məktub ünvanlasa da nazirlikdən gələn cavab məktubu onu məyus edib. Belə ki, məktubda zəlzələdən sonra evlərə baxış keçirilən zaman N. Fayizə məxsus ev haqqında akt tərtib edildiyini və buna əsasən mənzilin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Məsələ ilə bağlı ev sahibin oğlu Nuriyev Mustafa Fayiz oğlu prezident İlham Əliyevin rəsmi internet saytına müraciət edib. Müraciətə verilən rəsmi cavabda isə məsələyə aidiyyatı üzrə baxılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərildiyi bildirilib.
Daha sonra rayon icra hakimiyyətindən N. Mustafaya müraciətə baxılması haqqında məktub göndərilib. Məktubda bildirilir ki, Bəhliyan kənd sakini Fayiz Nuriyevin evinə FHN-in müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qənaətbəxş hesab edildiyi üçün təmir-bərpa işləri nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunub ki, evə təkrar baxış keçirilməsi və qərarın dəyişdirilməsi isə icra hakimiyyətinin səlahiyyətləri xaricindədir.








