“COP29-a ev sahibliyi Azərbaycanın müstəqillik tarixində əldə etdiyi böyük nailiyyətdir. "Tərəflərin Konfransı" dünya üçün vacib əhəmiyyət kəsb edir. Tədbirin keçirildiyi müddətdə dünyanın diqqəti Bakıya cəmləşəcək”.
Bunu Demokrat.az-a açıqlamasında “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov deyib.
O qeyd edib ki, noyabr ayında 10 minlərlə qonaq paytaxt Bakıya axışacaq:
“100-dən çox ölkənin dövlət və hökumət başçıları, ekologiya və ətraf mühit məsələlərinə cavabdeh nazirləri, həmçinin böyük şirkətlərin, beynəlxalq təşkilatların, BMT-nin qurumlarının nümayəndələri də burada iştirak edəcəklər. İqlim dəyişikliyi ilə mübarizə, gələcəkdə bərpaolunan enerji ehtiyatlarının istifadəsi, su ehtiyatlarının idarə olunması, təbii fəlakətlərin qarşısının alınması kimi məsələlər müzakirə olunacaq. Bunun üçün ayrılan maliyyə vəsaitlərinin düzgün və ədalətli bölünməsi məsələsi də gündəmə gələcək. Keçirildiyi ölkədən asılı olmayaraq COP hər il dünyanın diqqətini özünə cəlb edən yüksək səviyyəli tədbirdir. Azərbaycan bu tədbirin yüksək səviyyədə keçməsi üçün bütün resurslarını səfərbər edib. Hazırlıq prosesləri intensiv şəkildə davam edir”.