“2024-cü ildə enerji sektorunda “yaşıl enerji”nin payında artım görəcəyik. Azərbaycan bu sahədə körpü rolunu oynayacaq. Hazırda komandamız bir sıra məsələlərlə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır”.
Demokrat.az xəbər verir ki, bunu aprelin 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, regionumuz ilk dəfədir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir:
“Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın apardığı daxili və xarici siyasətə etimad edir, həmçinin iqlim dəyişikliyi probleminə qarşı mübarizəsini yüksək qiymətləndirir. COP29-un ölkəmizdə keçirilməsi bu etimadın bariz nümunəsidir. “Yaşıl enerji”yə keçid Azərbaycan üçün prioritet məsələlərdəndir. Bu gün Azərbaycan özü də bu qlobal problemin mənfi nəticələri ilə üz-üzədir. Çaylarımızda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemlər iqlim dəyişikliyinin fəsadlarındandır”.
Törə Zeynallı Demokrat.az


