Kriminal Özəl

Göygöldə ər arvadına xəsarət yetirdi

Göygöldə ər arvadına xəsarət yetirdi

Göygöl rayonunda 1985-ci il təvəllüdlü Mehman şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Mehmanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildən Göygöl rayonunun kəndlərindən birində yaşayan Samirə ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub: “Birgə münasibətlərimdən 2015-ci il təvəllüdlü 1 qız övladımız var. Lakin mən Samirənin ikinci həyat yoldaşıyam. Samirənin məndən əvvəlki ərindən 2003-cü il təvəllüdlü qızı və 2005-ci il təvəllüdlü oğlu var. Həmçinin 2023-cü ilin apel ayının əvvəllərinə kimi mən Samirə və övladları ilə birlikdə ona məxsus evdə yaşamışıq. Buna baxmayaraq aprel ayının əvvəllərində Samirə ilə aramızda şəxsi münasibətlər zəminində münaqişə yarandığı üçün evi tərk etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Samirə ilə barışıb təkrar bir yerdə yaşamağa başlayıb: “Gecəyarısı evə gələrkən Samirə mənimlə evə pul qazanıb gətirmədiyim üçün mübahisə etməyə başlasa da, ona əhəmiyyət verməməyə çalışdım. Ancaq Samirə mənə qarşı nalaiq ifadələr işlətməyə başladı. Ona görə də əsəbləşərək yumruq zərbələri ilə Samirənin bir dəfə sağ gözünə və bir dəfə də başına zərbə endirdim. Sonra isə evi tərk edib getdim”.

İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, aprel ayının əvvəllərində Mehmanla aralarında şəxsi münasibətlər zəminində münaqişə yarandığı üçün onu evdən qovub: “Hadisə baş verən günü, gecə Mehman yaşadığım evə gələrək heç bir səbəb göstərmədən məni əl zərbələri ilə vuraraq döyməyə başladı. Daha sonra Mehman halımın yaxşı olmadığını görərək öldürəcəyimi bildirdikdən sonra evdən çıxıb getdi. Ardınca qızım Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzi sisteminə müraciət edərək polis çağırdı”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehman 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Göygöl rayonunin kəndindəki yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova