11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Məsələ ilə bağlı ekspert Elçin Əfəndi Demokrat.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, ən yüksək nəticə göstərən 14 nəfərdən 13-ü qız, 1-i oğlandır:
“Burada xüsusən vurğulamaq lazımdır ki, qız abituriyentlərin nəticələrinin yüksək olması və təhsilə olan maraqları sevindiricidir. 3 martla yanaşı 10 martda keçirilmiş buraxılış imtahanının nəticələrinin yüksək olacağı gözlənilir. Ümumillikdə belə nəticələrin olması bu ilin abituriyentlərinin daha da hazırlığı olduğunu göstərir. Onlar pandemiya abituriyentlərindən fərqli olaraq daha da yaxşı hazırlaşıblar. Bu da uğurlu nəticəyə səbəb oldu. Başqa bir səbəb isə kurikuluma adaptasiyadır”.
Ekspert əlavə edib ki, kurikuluma adaptasiya artıq abituriyentlərdə öz bəhrəsini verir:
“Sualların quruluş və modellərinə öyrəşiblər. Buna görə də nəticələr yüksək olur. Ötən ilə nisbətən bu il suallar daha da əlverişli idi. 52 min şagirdən çoxu yaxşı nəticə əldə edib. Təbii ki, 100 baldan aşağı nəticələr də var. Buraxılış imtahanında nəticələrin yüksək olması 5-ci qrup və kolleclərin keçid ballarına təsir edəcək. Bu iki istiqamətdə müəyyən qədər artım olacaq”.
Törə Zeynallı Demokrat.az


