Sosial Özəl

Məktəb psixoloqları qiymətləndirmədən keçəcək — “Diplomları yoxlanılmalıdır”

Məktəb psixoloqları qiymətləndirmədən keçəcək — “Diplomları yoxlanılmalıdır”

"Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada məktəb psixoloqlarının fəaliyyəti də müzakirə edilib. Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev qeyd edib ki, məktəb psixoloqlarının diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır: “Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Qiymətləndirmədən sonra da bu sahədə başqa problemlər ortaya çıxacaq. Hazırda şagird sayı 1000-dən artıq olan məktəblərdə hər 500 uşağa 1 psixoloq düşür. Psixoloqların işə qəbulu da mərkəzləşdirilmiş qaydada imtahanla həyata keçirilir". O əlavə edib ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəblərdə 2048 şagird psixoloqa müraciət edib.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirərək deyib ki, əvvəlcə məktəb psixoloqlarının əmək fəaliyyəti ilə bağlı bakalavr diplomlarının psixologiya istiqamətində olub-olmadığını yoxlamaq lazımdır:

Məktəb psixoloqları qiymətləndirmədən keçəcək — “Diplomları yoxlanılmalıdır”

“Bu, əsas meyardır və peşəkarlığın istinad nöqtəsidir. Məktəb psixoloqu kimi işləyən şəxslərin yenidən diaqnostik qiymətləndirmədən keçməsi vacibdir. Həmin psixoloqların əmək fəaliyyətində hansı problemlər var, hansılar daha tez həllini tapa bilər, məktəb psixoloqlarının şagirdlərlə ünsiyyəti necə tənzimlənir, məktəblərdə psixoloqların otaqları varmı, standartlara uyğundurmu, etik kodeks gözlənilirmi, psixoloqların fəaliyyəti üçün məktəblərdə lazımı şərait və imkanlar yaradılırmı – bütün bunlar, yəni psixoloji mühit analiz olunmadan gələcəklə bağlı fikir bildirməyimiz düzgün deyil. İstənilən beynəlxalq təcrübəni ölkəyə adaptasiya etmək lazımdır. Beynəlxalq tərcrübədə gördüyümüz metod və texniklar bu gün cəmiyyətimizdə özünü doğrultmaya bilər. Qonşu ölkələrin metod və texnikalarını belə cəmiyyətə uyğunlaşdıraraq tətbiq etmək lazımdır. Bu prosesə müvafiq sahədə fəaliyyət göstərən mütəxəssisləri də cəlb etmək lazımdır. Adaptasiya prosesindən sonra artıq şagirdlərin məktəbdə rüblük və illik psixodiaqnostikasını məktəb psixoloqları daha rahat şəkildə apara bilərlər və məktəblərdəki psixoloji mühiti daha dərindən təhlil etmək olar. Məktəb psixoloqlarının vasitəsilə şagirdlər arasında baş verən münaqişələri, onların davranışlarına təsir edən amilləri daha tez öyrənib qabaqlayıcı tədbirlər görə bilərik. Buna görə də məktəb psixoloqlarının fəaliyyətinin genişləndirilməsinə ehtiyac var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova