Sosial Özəl

“Ot tayalarının saxlanıldığı yerlərdən elektrik naqilləri keçir” — Yanğın riskini artırır

“Ot tayalarının saxlanıldığı yerlərdən elektrik naqilləri keçir” — Yanğın riskini artırır

Goranboy rayonu Goran qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. FHN-nin məlumatına görə yanğın nəticəsində açıq ərazidə 200 kvadratmetr sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70 poqonometr yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, açıq sahələrdə yanğınların baş verməsinin əsas səbəbi məsuliyyətsizlikdir:

“Od qalamaq və onu nəzarətsiz buraxmaq, elektrik naqillərinin düzgün çəkilməməsi, naqillərdə yaranan qısaqapanmalar, onların yanğın təhlükəsizliyi qaydalarına riayət olunmadan çəkilməsi, elektrik təsərrüfatına aid qaydaların pozulması açıq sahələrdə yanğınlara gətirib çıxarır. Yanğınlar əlverişsiz hava şəraitində geniş əraziyə yayılır. Bu da ətraf-mühitə ziyan vurur, insanların həyat və sağlamlığına təhlükə yaradır, əmlaklarına zərər dəyir. Açıq sahələrə yaxın ərazilərdə yaşayan şəxslər yanğın təhlükəsizliyi qaydalarına ciddi yanaşmalıdırlar.

Bəzən ot tayalarının yaxınlığından və ya ot tayalarının saxlanıldığı yerlərdən elektrik naqilləri keçir. Nasazlıq səbəbindən yaranan qığılcımlar tayaların üzərinə düşür, bu da yanğının başlamasını qaçılmaz edir. Belə hallar aşkar edilərsə, aidiyyəti üzrə müraciət etmək lazımdır ki, baş verə biləcək təhlükənin qarşısı vaxtında alınsın”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova