Sosial Özəl

İqlim dəyişikliyi, yem çatışmazlığı... — Arıçılar peşələrindən imtina edirlər

İqlim dəyişikliyi, yem çatışmazlığı... — Arıçılar peşələrindən imtina edirlər

Keçən il Azərbaycanda arıçılıq məhsullarının istehsalında azalma olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci illə müqayisədə arı ailələrinin sayı 9 %, bal istehsalı 38,9 %, mum istehsalı 0,8 %, vərəmum istehsalı 22 %, güləm istehsalı 62 %, arı südü istehsalı 25,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 % azalıb.

Arıçılıq məhsullarının istehsalındakı azalmanın səbəblərindən danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin sözlərinə görə, istənilən heyvandarlıq məhsulunu artırmaq üçün heyvanların yem bazası möhkəmləndirilməlidir. O, Demokrat.az-a açıqlamasında deyib ki, iqlim dəyişikliyi, havaların isti keçməsi kənd təsərrüfatına ciddi təsir edir:

İqlim dəyişikliyi, yem çatışmazlığı... — Arıçılar peşələrindən imtina edirlər
“Keçən il arıçılar yem çatışmazlığı ucbatından məcburiyyət qarşısında qalıb bir neçə dəfə yerlərini dəyişməli olublar. Bu da əlavə xərc tələb edir. Onu da bildirirdilər ki, arı ailələri üçün yaxşı yem məkanı hesab olunan ərazilərdə belə yem kifayət qədər deyil. Meşə ərazilərində arıların saxlanılması artıq qadağan olunub. Qarabağda əvvəllər kəndlilər xeyli sayda arı saxlayırdılar, daha çox bal istehsal olunurdu. İndi isə həmin ərazilərdə də bal istehsalı azalıb”.

V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda bitkiçilik getdikcə zəifləyir:

“Arılar üçün yem olan ərazilərdə suvarma işləri aparılmalıdır. Elə işlər görülməlidir ki, bitkilər qurumasın. Vaxtı-vaxtında suvarılma aparılsa, çiçəklənmə dövründə daha çox məhsul əldə edilər. Xəstəliklər də geniş yayılıb. Fermerlər şikayət edirlər ki, dərman preparatları kifayət qədər deyil və əvvəlki kimi keyfiyyətli də deyil. Bu səbəblərə görə bəzi arıçılar arıçılıqla məşğul olmaqdan imtina edirlər”. Ekspert arıçılığın inkişaf etdirilməsi üçün əsaslı işlərin görülməli olduğunu vacib hesab edir:

“Türkiyədə arıçılığı inkişaf etdirmək üçün yeni meşə əraziləri salınmışdı, əkilən ağacların çiçəklərindən daha yüksək keyfiyyətli bal toplamaq mümkün olurdu. Təəssüf ki, Azərbaycanda bu cür işlər görülmür. Əvvəllər hər arı ailəsinə təxminən 10 manat subsidiya ayrılırdı, indi bunu da dayandırıblar. Elə şərait yaratmaq lazımdır ki, arılar bal toplamaq üçün uzaq məsafəyə uçmasın. Buna görə də hökumətin bu sahə ilə bağlı siyasəti ortada olmalıdır”.

V.Məhərrəmli əlavə edib ki, Azərbaycana bal, əsasən, Rusiyadan idxal olunur:

“Rusiyada arıçılıq üçün imkanlar genişdir, buna görə də məhsuldarlıq yüksəkdir və məhsulun maya dəyəri aşağıdır. Azərbaycanda ildə iki dəfə Rusiya bal istehsalçıları yarmarka təşkil edirlər. Ucuz qiymətə satırlar məhsullarını. Bu da yerli bal istehsalçıları üçün problem yaradır. Ümumiyyətlə, ölkədə bal istehsalı baha başa gəldiyi və istehlak az olduğu üçün Rusiyadan gətirilən bal əhalinin tələbatını ödəyir. Türkiyə və İran istehsalı bal məhsulları da satılır. İranda bir kiloqram bal 5 manata, Türkiyədə 17 manata başa gəlirsə, Azərbaycanda balın maya dəyəri 23-24, hətta son illərdə 27 manata çatıb.”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova