Avropa yeni inflyasiya növü – skimpflyasiya ilə üzləşib. Avropa Parlamentinin Xorvatiyadan olan üzvü Biljana Borzan bildirib ki, bu, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə fonunda yaranıb: “Bir çox ərzaq məhsullarının istehsalında inqrediyentlər daha aşağı keyfiyyətli olanlarla əvəz edilib. Məsələn, günəbaxan yağı yerinə palma yağı istifadə olunur. Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir”, - deyə o vurğulayıb.
Mövzuya münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyir ki, müasir dövrün insanları aldadılmış, beyni yuyulmuş, gözü doymayan bir istehlakçı əsri yaşayır.
O, bu vəziyyətin səbəbkarlarının biznes qurumları olduğunu dilə gətirib:
“Biznes qurumları daim istehlakçıları məlumatsız qoyur. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə belə insanlar küçə yeməklərinə üstünlük verirlər, evdə yemək bişmir. “Mc Donalds” artıq bir çox ölkələrdə milli mətbəxi əvəz edib. Belə bir sürətli aldadılma əsrində hələ çox şeylər olacaq. Bill Geyts proqnoz verib ki, yaxın 15 ildə yer üzündə təbiət qalmayacaq. Dünya iqlim dəyişikliyi ilə mübarizə aparır, guya fermer təsərrüflarını, yer kürəsini qorumaq istəyirlər, digər tərəfdən də süni ət, süni qidalar meydana çıxır. Dünyada istehlakçı hüquqlarını qoruyan beynəlxalq “Consumers International” şirkəti ildən-ilə zəifləyir, istehlakçı hərəkatı sürətlə çökür, dünya konqresində də bunu demişəm”.
Ekspertin sözlərinə görə, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanun artıq müasir proseslərə cavab vermir:
“Bazar, biznes inkişaf edib, rəqəmsal dünyada istehlakçı maraqları artıq yeni mərhələyə keçid edib, amma qanun yenilənmir. Sağlam istehlakçı bütün dünyada qəbul olunmur. Əgər o siqaret çəkmirsə, spirtli içki içmirsə, demək, dövlətin aksiz siyasətini dəstəkləmir. Belə istehlakçı dərman biznesinə, həkimlərə üz tutmur, dövlətin vergi siyasətini dəstəkləmir. 15 mart Ümumdünya İstehlakçılar Günüdür, amma Azərbaycanda bir biznes qurumu bu günü qeyd etmir. Çünki istehlakçı daim arxa plandadır. Demokratik və liberal dəyərləri üstün tutan ölkələrin əsas şüarı odur ki, hakimiyyətin mənbəyi xalqdır, Azərbaycan Konstitusiyasının ilk maddəsində də bu fikir yer alır. Buna uyğun olaraq biznes qurumlarının da şüarı bu olmalıdır ki, istehlakçı hər zaman haqlıdır. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin məzmunu göstərir ki, bu sahədə vəziyyət acınacaqlıdır. İstehlakçıları aldadan qurumlar sanki bunun üçün bir-biri ilə yarışır. Bütün dünyada balans istehlakçının zərərinə doğru dəyişir”.
Törə Zeynallı Demokrat.az


