Oruc tutmaqla bağlı insanlar arasında bəzi yanlış fikirlər var. Müzakirəyə səbəb olan məqamlardan biri də səhhətində problem olan şəxslərin oruc tutması ilə bağlıdır.
Demokrat.az xəbər verir ki, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, yüksək təzyiq, şəkər, qan azlığı və ya ürək xəstəliyi olan insanlar üçün orucun təhlükəli olması çoxlarının doğru bildiyi yanlışlardandır:

“Bilməliyik ki, orucun orqanizmə bərpaedici (DNT) təsiri var. Orucun xərçəng hüceyrələrini hazır qlükozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduğu üçün) öldürdüyü sübuta yetirilib. Oruc sərbəst radikalların təsirinə maneə törədir. Oruc tutmaq apoptozis (xəstə və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kökhüceyrələrin əmələ gəlməsinə təkan verdiyi sübut edilib”.
Tanınmış həkim onu da qeyd edib ki, tibb elmi orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını sübut edib:
“Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir. Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az %5 azalmasıdır. Deməli, oruc tutmaq sağlam olmaq deməkdir!”.
Törə Zeynallı Demokrat.az


