Hadisə Özəl

Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Quba rayonunda 1978-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 1-də Quba rayonu, Alpan kəndində baş verib. Vüsal aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Samirəyə üzündən və bədənindən qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samirə ilə ailə qurub və birgə nikahdan övladları var: “Dekabrın 1-də, saat 10 radələrində yaşadığımız evdə arvadım ilə aramızda spirtli içkiyə aludə olduğuma görə mübahisə yarandı. Mübahisə zamanı Samirənin başına və bədəninə yumruqla zərbələr endirdim, saçından tutub dartdım”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.30-dan növbəti gün saat 06.30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova