Bakıda 1988-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günelə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərviz 5 may 2022-ci ildə, gecə saat 00.15-də yaşayış binasının liftinin qarşısında bir neçə aydır ki, uşaqlarını ona göstərməməsi səbəbindən aralarında davam edən mübahisə səbəbindən boşanmaq ərəfəsində olduğu arvadı Günel ilə başqa şəxslə münasibətdə olmasını bildirməsinə görə qısqanclıq zəminində üzərində olan bıçaqla bir dəfə qəsdən onun qarın nahiyəsindən vurub.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Günel onun həyat yoldaşıdır: “2014-cü ildə tanış olaraq rəsmi nikaha daxil olmuşuq. Günel ilə birgə nikahımızdan iki uşağımız olub. Hadisəni törətməzdən əvvəl həyat yoldaşım ilə bir müddət idi ki, aramızda baş vermiş mübahisələr səbəbindən ayrı yaşayırdıq. Arvadım mənə övladlarımı görməyə şərait yaratmayıb. Uzun müddət axtardıqdan sonra yoldaşımı “Həzi Aslanov” adlanan ərazidə yerləşən “Yaşıl Bağ” restoranında işlədiyini müəyyən etdim. Həmin restorana gedib uşaqlarım ilə məni görüşdürməsini tələb etdim. Günel isə mənə “bir vaxt təyin edərəm, görüşərsən” deyə bildirdi. Bu zaman aramızda mübahisə yarandı. Sonra məni restorandan çıxartdılar. Günel isə arxa qapıdan çıxaraq uzaqlaşdı”.
Təqsirləndirilən şəxsin sözərinə görə, bu zaman restoranın müdriyyətinə bildirib ki, arada başqa məsələ yoxdur, Günel xanım onun yoldaşıdır: “Daha sonra arvadımın rəfiqəsinin yanında qaldığını bildim. Həmin ünvana, yəni G.Şıxlinski küçəsinə gəldim. Blokun qabağına həyat yoldaşım Günelə məxsus çantaların yığıldığını gördüm. Günelin o ünvandan köçmə ərəfəsində olduğunu anladım. Hətta yüklərinin daşınmasına kömək də etdim. Arvadım ilə söhbət eləməyə çalışdım. Uşaqlarımı görmək, onlarla əlaqə saxlamaq üçün telefon nömrəsini istədiyimi bildirdim. Həyat yoldaşımın mənə başqa biri ilə “danışdığını” bildirdiyindən qısqanclıq zəminində gələrkən yerdən tapdığım dəmir parçası ilə onu bir dəfə zərbə vurdum. Sonra həmin dəmir parçasını atdım, lakin hara atdığımı xatırlamıram. Mənim Günelə xəsarət yetirmək fikrim olmayıb. Cinayət əməlini məqsədli şəkildə törətməmişəm. Əməlimdən səmimi peşmançılıq hissi keçirirəm. Həyat yoldaşım ilə barışmışam, birgə nikahdan iki övladlarım var. Ailəmizi bərpa etmək niyyətindəyəm”.
İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, təqsirləndirilən Pərviz onun rəsmi nikahda olduğu həyat yoldaşıdır, birgə nikahdan iki övladları var: “Pərvizin ailəmizə laqeyd yanaşması, mənə qarşı təhqiredici ifadələr işlətməsi, ailəsinə diqqət göstərməməsi kimi səbəblərdən birgə yaşadıqları müddətdə aramızda tez-tez mübahisələr olub. Pərvizlə aramızda bundan öncə bir dəfə də xəsarətlə nəticələnən hadisə baş vermişdi. Lakin o zaman mən Pərvizə xəsarət yetirmişdim. Bu hadisə ilə bağlı barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlansa da, Pərvizlə barışdığımız üçün işə xitam verildi. Bu hadisədən sonra ayrı yaşamağa qərar verdik”.
Zərərçəkmiş qeyd edib ki, Pərvizin ona xəsarət yetirdiyi gün o, rəfiqəsinin evindən başqa ünvana köçmə ərəfəsində olub: “Həmin gün Pərviz mənə yaxınlaşaraq uşaqlarla görüşdürülməsini tələb etdi. Mən isə “sənin kimi ata ilə övladlarımı görüşdürməyəcəm” dedim. Pərviz məndən mobil telefon nömrəsini istəsə də, ona nömrəmi verməyəcəyimi bildirdim. Pərviz mənə qarşı yenə nalayiq ifadələr işlətməyə başlayanda, məndən uzaq olmasını xahiş etdim. Pərviz mənə başqa bir şəxslə münasibətimin olduğunu üç dəfə dalbadal olaraq soruşdu. Mən isə hər dəfəsində başqa şəxslə münasibətimin olmadığını bildirdim. Dördüncü dəfə sual verən zaman əsəbləşərək başqa kişi ilə münasibətim olduğunu dedim. Sonra gülə-gülə “kül təpəvə mənə səndən başqa kim baxar” sözlərini əlavə etdim. Bu zaman Pərviz mənə əlində olan dəmir parçası ilə bir dəfə xəsarət yetirdi. Mən dərhal liftə doğru qaçmağa başladım. Daha sonra məni xəstəxanaya apardılar. Birgə yaşadığımız müddətdə aramızda tez-tez mübahisələr olsa da, həmin hadisəyə qədər Pərviz heç vaxt mənə əl qaldırmayıb. Pərvizin tutulmasını istəmirəm. Həbsdən azad olan zaman yenidən birlikdə yaşamaq niyyətindəyəm. Nə qədər çətin olsa da uşaqlarımın atasıdır, uşaqlarımı təkbaşına böyütmək istəmirəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərvizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Hökmdən narazı qalan prokuror tərəfindən apellyasiya protesti verilib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Prokurorun protestini araşdıran hakimlər heyəti sonda qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Ali Məhkəməyə ünvanladığı şikayətdə Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsini üçün cinayət işi üzrə protestin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.
Ali Məhkəmədə işə baxan hakimlər heyəti prokurorun protestini təmin ediblər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən məhkuma cəza təyini hissəsində ləğv edilib və cinayət işi həmin hissədə araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsində bu dəfə prokurorun protestinə baxan hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun apellyasiya protesti təmin edilib. Pərvizin barəsində 2 il 6 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun çəza çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə qərar qəbul edilib.
Təqsirləndirilən şəxsin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından həbs edilib.
Fariz Məlikli Demokrat.az


