Bakının Xəzər rayonunda 2001-ci il təvəllüdlü Rəşad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsində baş verib. Rəşad həmin gün saat təxminən 23-30 radələrində arvadı Gülnarə ilə evdə yaranmış mübahisə zamanı onun boğaz nahiyyəsindən tutaraq, onu sağa-sola divara qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 5 ay müddətdir Gülnarə ilə ailə həyatı qurub: “Bu müddət ərzində ailə daxilində ara-sıra münaqişələrimiz olub. Lakin ona xəsarət yetirməmişəm. Hadisə günü həyat yoldaşım Buzovna qəsəbəsində yaşayan anasının evində olan zaman axşam saatlarında həmin ünvana getdim. Onun nə üçün telefon zənglərimə cavab vermədiyini soruşdum. Həmin vaxt aramızda yaranan münaqişə zamanı Gülnarənin əllərindən tutaraq sakitləşdirməyə çalışdım. Sakitləşmədiyini görərək boğaz nahiyyəsindən tutdum. Daha sonra sifət nahiyyəsindən şillə ilə vurdum. Sonra həmin ünvanı tərk edərək getdim”.
İş üzrə zərərçəkmiş Gülnarənin sözlərinə görə, Rəşad ilə qeyri-rəsmi olaraq ailəlidir: “Müxtəlif vaxtlarda Rəşad məni vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Hadisə günü, saat 23.30-da anamın evində olan zaman heç bir səbəb olmadan Rəşad münaqişə yaradaraq boğaz nahiyyəmdən tutaraqməni sağa-sola divara vurdu, bədənimin muxtəlif nahiyyələrinə xəsarət yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rəşadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


