Gündəm Özəl

“Uzun illərdən sonra Xocalıya qalib Azərbaycan vətəndaşı kimi qayıtdıq” — Deputat

“Uzun illərdən sonra Xocalıya qalib Azərbaycan vətəndaşı kimi qayıtdıq” — Deputat

Xocalıda arxeoloji park yaradılacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. AZƏRTAC-ın xəbərinə görə əraziyə baxış keçirilib, arxeoloji abidələrin hazırkı vəziyyəti öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli faktları üzə çıxaracaq. Xocalıda “Bakı Abadlıq Xidməti” tərəfindən aparılan tikinti-quruculuq işləri zamanı ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız soyqırımlarından olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.

Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalının tarixinin nümayiş etdirilməsi vacibdir:

“Xocalının tarixi eramızdan 3-5 min il əvvələ gedib çıxır. Tarixin müxtəlif dövrlərində aparılan arxeoloji qazıntılar bunu sübut edir. Bu gün 32 ildən sonra ilk dəfə Xocalı şəhidlərini Xocalı şəhərində andıq. Biz Xocalıdan soyqırıma məruz qalıb məğlub çıxmışdıq. Bu gün uzun illərdən sonra Xocalıya qalib Azərbaycan vətəndaşları kimi qayıtdıq. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə şəhərdə cənab Prezident tərəfindən böyük abidə kompleksinin təməli qoyuldu.

Hazırda Xankəndidəyik, burada aparılan yenidənqurma işləri ilə tanış oluruq. Fəxr edirik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Azərbaycan vətəndaşı kimi öz ərazimizdə sərbəst, azad gəzə bilirik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova