Milli Məclisdə təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılması təklif edilib. Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, gün ərzində təcili yardıma daxil olan müraciətlərin 30 %-i təsdiqini tapmır: “Təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur, bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərin köməyinə çatmaqda vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.
Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında təklifi müsbət dəyərləndirib:
“Yalan çağırış deməyək, çağırışı verib imtina edənlər olur. Xəstə yaxşılaşır və ya kimdənsə məsləhət alırlar, təcili yardıma artıq ehtiyac qalmır. Çağırış edən şəxs bu zaman çağırışdan imtina etməlidir. Bunu etmədiklərinə görə təcili yardım xidmətində vaxt itkisi yaranır. Təbii ki, bəzi məsuliyyətsiz insanlar “103”ə yığıb qəsdən yalandan müraciət edirlər. Buna görə təcili tibbi yardım işçiləri lazımi ünvanlara gecikir, operatorlar çağırışı qeydə aldıqları üçün danlanır, ümumilikdə ölkə səhiyyəsinin imicinə xələl gəlir. Yalan çağırış edən məsuliyyətsiz şəxslərə qarşı cərimələr artırılsa, bəlkə təcili tibbi yardımla bağlı yaşanan neqativ hallar aradan qalxar”.
Törə Zeynallı Demokrat.az


