Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynurəni (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirib) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Aynurə onun arvadıdır:
“Biz 2016-cı ildə ailə həyatı qurmuşuq. Rəsmi nigahımız və birgə nigahımızdan 2 övladımız var. Ailə qurduqdan bu günə qədər aramızda münaqişələr olub. Səbəb isə həyat yoldaşımın uşaqları ilə düzgün davranmaması olub. Münasibətlərimiz pozulduğu ücün 8 ay bundan əvvəl həyat yoldaşımın atasının yaşadığı, yəni Binə qəsəbəsi Südcülük sovxozunda yerləşən fərdi yaşayış evinə gəldi və bu günə qədər də həmin evdə yaşayır. Böyük oğulumuz onunla, kicik oğulumuz isə anam ilə birlikdə yaşayır. Mən dəfələrlə övladım ilə danışmaq istədiyimi, onu görmək istədiyimi bildirsəm də, həyat yoldaşım buna icazə vermədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə də övladını görmək ücün hadisə günü, səhər saatlarında həyat yoldaşının yaşadığı evin yaxınlığına gəlib:
“Avtomaşında oturduğum zaman Aynurənin gəldiyini gördüm və maşından düşdüm. Aynurə məni gördükdə qaçdı. Həyat yoldaşımın arxasınca qaçaraq əynindəki gödəkcədən tutub onu saxladım. Həyat yoldaşımla söhbət etmək istədiyimi bildirsəm də, həyat yoldaşım qışqırdığı ücün onu boynundan tutaraq baş hissəsini qəsdən yerə vurdum. Həyat yoldaşımın baş nahiyəsindən qan gəldiyi ücün oradan qacaraq getdim”.
İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, Sərdar ilə 2016-cı ildə ailə həyatı qurub:
“Ailə həyatı qurduqdan sonra, əvvəllər Salyan rayonunda, sonradan Neftçala rayonunda yaşamışlq. Ailə qurduqdan bu günə qədər aramızda dəfələrlə münaqişələr olub. Aramızda yaranan sözlə münaqişələr zamanı həyat yoldaşım məni təhqir edərək döyüb. Lakin bu barədə rəsmi müraciət etməmişəm. Aramızda yaranan münaqişələrin isə hec bir səbəbi olmayıb”.
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin mayında aralarında baş verən münaqişə və dava-dalaşa görə yaşadıqları evdən çıxaraq atasının yaşadığı evə gəlib:
“Hazırda boşanmaq ücün Saatlı Rayon Məhkəməsinə mürciət etmişəm. Böyük övladımız hazırda həyat yoldaşım ilə birlikdə yaşayır. Hadisə günü, səhər saat 07.30-da yaşadığım evdən çıxaraq işə getdiyim zaman Sərdarən məni qara rəngli avtomaşından çağırdığını gördüm. Bundan qorxduğum üçün qaçdım. Sərdar da arxamca qaçaraq sacımdan tutaraq yerə yıxdı. Sərdar əlləri ilə məni boğmaq istədiyi zaman qışqırdığım ücün sacımdan tutaraq bir dəfə qəsdən yerə vuraraq xəsarət yetirdi. Nəticədə sol gözaltı və gözüstü nahiyələrimdən xəsarət aldım. Buna görə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərdar 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


