2023-cü il üzrə xarici kvalifikasiyaların tanınması statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun sözlərinə görə, ötən il xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 7021 müraciət üzrə ekspertiza həyata keçirilib. Nəticədə 5868 müraciətə müsbət, 1153-nə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub.
Təhsil eksperti Adil Vəliyev xarici diplomların tanınmamasının səbəblərinə toxunub.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, xarici diplomların tanınması qaydalarında müəyyən dəyişikliklər edilib:
“Belə ki əvvəllər tələbələr xaricdə təhsil alarkən həm də təhsil aldıqları dildən imtahan verirdilər. Artıq bu imtahan ləğv edilib. Təəssüflər olsun ki, hər dəfə Agentliyin statistikası açıqlananda yüzlərlə diplomun tanınmadığını görürük. Budəfəki statistika daha acınacaqlıdır. Rəqəmləri açıqlamaqdan əlavə maarifləndirmə işləri də aparılmalıdır. Hansı universitetlərin diplomları niyə tanınmır, diqqət edilməli məqamlar nələrdir - abituriyentlərə və təhsil almaq üçün xaricə gedənlərə bunlar izah edilməlidir. Bu məlumatlar açıqlanmadığı üçün gənclər kor-koranə xaricdə təhsil almağa üz tuturlar. Bəziləri xaricdə qiyabi təhsilə üstünlük verir, amma Azərbaycanda bəzi ölkələrin qiyabi təhsili də tanınmır. Açıq şəkildə məlumat verilmədiyi üçün nəticələr də acınacaqlı olur”.
Törə Zeynallı Demokrat.az


