İqtisadiyyat Özəl

Fermerlərə kredit ayrılacaq — YENİLİK

Fermerlərə kredit ayrılacaq — YENİLİK

Azərbaycanda kredit yarmarkaları təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda deyib ki, məqsəd fermerlərin kreditə əlçatanlığının təmin edilməsidir: "Aqrar Biznes Festivalları çərçivəsində təşkil ediləcək yarmarkalarda bankların regional nümayəndələri də iştirak edəcək. Bununla yanaşı, digər rəsmi şəxslərin iştirakı ilə panel müzakirələr təşkil ediləcək", - o qeyd edib.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, aqrar sektorda kreditlərə əlçatanlığın təmin olunması üçün müxtəlif mexanizmlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə ehtiyac var:

“Bu baxımdan Aqrar İnnovasiyalar Mərkəzinin Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları təşkil etməsi müsbət haldır. Çünki bu həm sahibkarlıq sahəsində maarifləndirmə, həm prosesin özünün təşkil olunması, həm də maliyyə əlçatanlığının təmin edilməsi baxımından müsbət haldır. Nəzərə alsaq ki, banklar regionlarda fermerlərə kənd təsərrüfatının inkişafı üçün kredit verilməsində maraqlı deyil, belə bir yarmarkanın keçirilməsinin effektiv olacağını düşünürəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova