Hadisə Özəl

Bakıda qayınana gəlininə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakıda qayınana gəlininə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1964-cü il təvəllüdlü Lətifə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı gəlini Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 16-da baş verib. Lətifə həmin gün saat 20.00-da yaşadıqları evlərinin mətbəx otağında gəlini Xumar ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən onun baş nahiyəsindən bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Lətifənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətifə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, oğlu Nadir zərərçəkmiş Xumar ilə ailə həyatı qurub: “Xumarla aramızda mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr baş verib. Noyabrın 16-da, təxminən saat 20.00-da yaşadığımız evdə olarkən yemək bişirmək üçün mətbəxə keçərək qazanı sobanın üzərinə qoydum. Həmin zaman Xumar mətbəxə gələrək səbəbsiz yerə qaz sobasını yerindən çıxartdı. Buna iradımı bildirdikdə aramızda mübahisə yarandı. Mübahisə zamanı bir-birimizə xəsarət yetirdik”.

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, noyabrın 16-da, təxminən saat 20.00-da yaşadıqları evdə olarkən mətbəxə keçərək soyuducudan əti götürüb və masanın üzərinə qoyub: “Bu zaman Lətifə səbəbsiz yerə deyinməyə başladı. Ona cavab qaytarmadıqda isə əli ilə qəsdən baş nahiyyəmdən ardıcıl zərbələr vurdu”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova