Dövlət İmtahan Mərkəzi (DİM) bu il kolleclərə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. DİM-dən verilən məlumata görə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyənlərin qeydiyyatı 1 – 15 mart tarixləri aralığında aprılacaq. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı isə 27 mart – 15 apreldə həyata keçiriləcək.
Orta ixtisas təhsilinin bugünkü vəziyyətini qiymətləndirən təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki, illərdir Azərbaycanda kollec təhsili perspektivli hesab edilmir:

“Son illərdə bu təhsil pilləsinə marağı artırmaq üçün kolleci bitirənlərin subbakalavr kimi imtahansız ali məktəbə qəbul olmasına icazə verildi. Hazırda kollecə daxil olanların böyük bir hissəsini də məhz az bal toplayaraq universitetə daxil ola bilməyən tələbələr təşkil edir, yəni onlar kollec təhsilindən bir növ ali təhsilə keçid kimi istifadə edirlər. Düşünürəm ki, bu tip halların qarşısını almaq üçün bir çox ixtisaslar üzrə kollecdən ali məktəbə qəbulu məhdudlaşdırmaq və ya ləğv etmək lazımdır. Digər tərəfdən maddi və elmi bazası zəif olan kollecləri ləğv etmək, yəni ümumilikdə kolleclərin sayını kəskin şəkildə azaltmaq lazımdır. Birmənalı olaraq kollec təhsili peşə ixtisas təhsili ilə birləşdirilməli və kolleci bitirənlərin ən az 50 faizindən çoxu əmək bazarının faktiki ehtiyacları üçün hazırlanmalı və işlə təmin edilməlidir. Əks halda kollec təhsili formal xarakter daşımaqdan, aralıq-keçid təhsilindən başqa bir şeyə yaramayacaq”.
Törə Zeynallı Demokrat.az


