Naxçıvan Dövlət Universiteti ilə nüfuzlu IBM şirkəti arasında imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq. Əməkdaşlığın əsas məqsədi tələbələrə yeni innovativ biliklər öyrətmək, məzunları yeni texnoloji çağırışlara hazırlamaqdır. Tələbələr müasir proqram təminatının hazırlanması metodologiyalarını öyrənəcək, müasir texnologiyalarla tanış olacaqlar. IBM üzrə kordinator Səriyə Qasımova "Report"a bildirib ki, bu institutun yaradılması regionda inkişafa da təkan verəcək: “Belə ki, bu institutun yaradılması Naxçıvanı texnoloji mərkəzə çevirmək potensialı daşıyır, çünki məşğulluq potensialı yaratmaq imkanına malikdir. Belə ki, institutun yaradılması ilə NDU-nun məzunları, müəllimlər texnologiya sahəsində, proqram təminatının hazırlanması sahəsində təlimlər keçəcək, ixtisaslı kadrlar yetişdirəcək ki, bu da mühüm əhəmiyyət kəsb edir”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən memorandum gələcəyə hesablanmış uğurlu təhsil layihəsidir:
“Bu memorandum əsasında yaradılacaq Proqramlaşdırma Mühəndisliyi İnstitutu təkcə təhsil adına qazanılmış uğur deyil, gələcəkdə əmək bazarının tələblərinin düzgün qiymətləndirilməsi, tələblərə cavab verilməsi, kadr resursumuzun xaricdən deyil, özümüzdən asılı olacağına bir işarədir. 21-ci əsr süni intellekt dövrüdür, İT texnologiyaları şəriksiz liderdir. Bu tendensiya dəyişməyəcək, sadəcə bir formasiyadan digərinə keçəcək. Bu səbəbdən proqramlaşdırma mühəndisliyi institutunun yaradılması ümumilikdə cəmiyyət adına atılmış vacib addımdır”.
Ekspert qeyd edib ki, paytaxt, eləcə də digər bölgə universitetlərində İT əsaslı institutlar yaradılmalıdır:
“Ötən il Dövlət İmtahan Mərkəzi ən çox 1-ci ixtisas qrupuna aid İT əsaslı ixtisaslara yer ayırmışdı – kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, proqramlaşdırma və s. ixtisaslar. Magistr səviyyəsi üzrə də yeni açılan ixtisaslar arasında İT əsaslıları üstünlük təşkil edir. Ötən il kompüter mühəndisliyi ixtisası üzrə 800 plan yeri açıldı. Bu o deməkdir ki, gələcəkdə tələbat bu istiqamətdə olacaq. Proqramlaşdırma mühəndisliyi institutu Bakıdakı universitetlərdə də açılmalıdır, çünki paytaxtda yerləşən bir çox təhsil ocaqları maliyyə resursları və digər cəhətlərinə görə Naxçıvan Dövlət Universitetindən daha öndədir. Bu gün elə ixtisaslar var ki, onları bitirən məzunlara sabah əmək bazarında yer olmayacaq. Həmin ixtisaslara yer verməkdənsə, bu cür institutlar açılsın. Gələcəkdə ehtiyac duyulmayan bir ixtisas üzrə təhsil alan tələbə müasir bir ixtisasa yönəlsə, daha çox uğur qazanar və onda maraq yaranar. Bu günün gəncinə Proqramlaşdırma Mühəndisliyi İnstitutu daha çox lazımdır, nəinki bəzi humanitar yönümlü ixtisaslar”.
Qeyd edək ki, Proqramlaşdırma Mühəndisliyi İnstitutunun bu ilin sentyabrından fəaliyyətə başlaması nəzərdə tutulub.
Törə Zeynallı Demokrat.az


