Azərbaycandan Rusiyaya yumurta tədarükü artıb. Hazırda marketlərdə bir ədəd yumurtanın qiyməti 16-17 qəpikdir.
Rusiyaya ixracın artması daxili tələbatın ödənilməsində qıtlıq yarada bilərmi?
Bahalaşma gözlənilirmi?
“Liberal İqtisadçılar Birliyi”nin sədri Akif Nəsirlinin sözlərinə görə, hökumət daxili bazarın qorunması üçün tənzimləmə alətlərindən istifadə etməlidir.
O, Demokrat.az-a açıqlamasnda deyib ki, əhalinin yumurtaya olan aylıq tələbatı və istehsalın həcmi öyrənilməlidir:
“Buna uyğun olaraq gələcəkdə müəyyən kvotalar qoymaq lazımdır. Düzdür, Azərbaycanın kənd təsərrüfatı məhsulunun ixrac olunması təqdirəlayiq haldır, amma bu, daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarmamalıdır. Fermer Rusiyaya yumurta satmaqda maraqlıdırsa, demək o, ixraca meyil edir. Bu da daxildə qıtlığa səbəb ola bilər”.
Ekspert bildirib ki, aşağı təminatlı əhalinin istehlak etdiyi əsas məhsullar çörək və yumurtadır:
“Hesab edirəm ki, Rusiyaya yumurta satışı daxili bazarda elə də cəlbedici görünmür. Yumurtanın ixrac qiyməti 12 qəpikdir. 16-17 qəpiyə alınan yumurtanı fermer elə 12 qəpiyə satır. Əgər yumurtanın gömrükdən çıxış qiyməti 18-20 qəpik olsaydı, təhlükəni proqnozlaşdıra bilərdik. Hesab edirəm ki, hazırda belə bir təhlükə yoxdur”.
Törə Zeynallı Demokrat.az


