Vaşinqton Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İrana birbaşa hücum etməyi planlaşdırmır.
Demokrat.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Qəzet bildirir ki, İrana birbaşa zərbə Vaşinqton tərəfindən planlaşdırılan hər hansı cavab addımının tərkib hissəsi deyil. “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədovanın fikrincə, Amerika bugünkü gündə İrana birbaşa zərbə vurmaq niyyətində deyil.
Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, Yaxın Şərqdə gedən hazırkı proseslərdə ABŞ diqtə edən və nəzarət edən tərəfdir:
“Düşünülə bilər ki, ABŞ İranı müharibəyə çəkmək istəyir. Amma Yaxın Şərqdə gedən müharibə həm də Avropa dövlətləri tərəfindən daha da alovlandırılır. ABŞ-nin Qırmızı dənizə gəmilərini yerləşdirməsi vəziyyəti getdikcə gərginləşdirir. Yəmən və Pakistan da artıq prosesə qarışmağa başlayıb. İranla ABŞ arasında onsuz da proksi müharibə gedir. ABŞ də eynilə proksi təşkilatlar vasitəsilə İranla müharibəni davam etdirir. Amma açıq müharibə başlaması sual altındadır. Çünki Yaxın Şərqin iki böyük dövlətindən biri olan Türkiyə ABŞ-nin NATO-da tərəfdaşıdır.
İran həm də ABŞ vasitəsilə əl altından regiondakı vəziyyəti gərginləşdirməklə məşğuldur. Düşünmürəm ki, ABŞ indi İrana birbaşa müdaxilə etsin. Bu, açıq şəkildə İranı və digər bölgə dövlətlərini də müharibəyə sövq etməkdir”.
Törə Zeynallı Demokrat.az


