“Azərbaycan 2024-cü ildə Ermənistana qarşı hansısa hərbi əməliyyatlar həyata keçirmək niyyətində ola bilməz. Çünki bu il Azərbaycan COP 29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Hərbi əməliyyatlar başlatmaq Azərbaycanın imicinə zərbə vura bilər”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib. O, cari ildə sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə toxunub:

“Sülh sazişinin imzalanması Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi məqsədilə keçiriləcək referendumdan asılıdır. Referendum keçirilməsə, yeni konstitusiya dəyişiklikləri olmasa, imzalanan saziş kağız parçasından fərqlənməyəcək. Çünki köhnə konstitusiyada ərazi iddiaları var. Ərazi iddiaları mövcudkən Paşinyanı əvəzləyəcək hökumət sülh müqaviləsi sənədinin üstündən asanlıqla xətt çəkə biləcək, çünki artıq sənədin heç bir hüquqi qüvvəsi qalmayacaq. Ona görə də sülh müqaviləsinin ilin ortalarına kimi imzalanması barədə ehtimallar şübhəlidir. Ən azından Ermənistanda may ayına qədər konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutsa və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunsa, sülh müqaviləsini imzalamaq üçün payıza qədər vaxt lazım olacaq. Amma əgər referendum ilin sonuna qədər baş tutmasa, sülh müqaviləsindən danışmağa dəyməz”.
Törə Zeynallı Demokrat.az


