Şəmkir rayonunda 1984-cü il təvəllüdlü Əziz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 11-də, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində baş verib. Əziz yaşadığı fərdi yaşayış evinin içərisində Sevil ilə arasında sonuncunun aldığı balıqları bişirməməsinə görə yaranmış mübahisə zamanı əlləri və ayağı ilə boyun, ayaq nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Sevil ilə 2020-ci ildən etibarən evlidirlər, birgə evlilikdən 2 övladları var:
“Aramızda normal münasibətlər var. Hadisə günü balıq alaraq yaşadığım evə gətirdim və Sevilə axşama bişirməsini dedim. Evdən çıxaraq tanışımın evinə getdim. Orada yemək yeyib bir qədər spirtli içki qəbul etdim. Saat 23 radələrində yaşadığım evə gəldim. Evə girdikdə Sevildən balığı bişirib-bişirməməsini soruşdum. Sevil vaxtı olmadığını və azyaşlı qızına baxdığını dedi. Mən də onun bu sözündən əsəbləşərək ona qarşı nalayiq ifadələr işlətdim. Aramızda mübahisə yarandı. Mən əlim ilə Sevilin sifət nahiyəsindən vurdum. Boğazından tutaraq sıxıb itələdim, təpiklə vurdum. Sevil otaqdan çıxaraq çölə qaçmaq istəyəndə əlimə götürdüyü mobil telefonla baş nahiyəsinə vurdum. Sevil də azyaşlı uşağı götürüb çölə çıxdı. Bir qədər sonra isə polis əməkdaşları yaşadığım evə gələrək məni polis şöbəsinə getməyim üçün dəvət etdilər”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əzizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


