Hadisə Özəl

Sabirabadda azyaşlı qızı nişanladılar — Polis şöbəsində dava düşdü

Sabirabadda azyaşlı qızı nişanladılar — Polis şöbəsində dava düşdü

Sabirabad rayonunda azyaşlı qıza nişan edən şəxslər polisə dəvət olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Əli (adlar şərti göstərilib – red.) azyaşlı qızına nişan məclisi keçirdiyi üçün polisə çağırılıb.

Bundan sonra əmisinin arxasınca gələn qardaşı oğlu, 1974-cü il təvəllüdlü Vüsal orada polis əməkdaşları ilə mübahisə edib, növbətçi hissədə xuliqanlıq hərəkətləri edərək tabesizlik göstərib.

Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

İş üzrə izahat verən Vüsalın sözlərinə görə, əmisi Əli azyaşlı qızına nişan mərasimi keçirilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilməsi ilə əlaqədar onun özü də ora gedib:

“Orada inzibati binaya daxil olmamış növbətçi polis əməkdaşı məndən üzərimdə telefon və dəmir alət varsa təqdim etməyimi bildirdi. Mən telefonu təqdim etdim. Öz-özümə əmimin arxasınca söyüş söydüm ki, gör haralara gəlib çıxıblar. Lakin polis əməkdaşının hər hansı qanuni tələbinə tabesizlik göstərməmişəm.

Hətta polis əməkdaşına bildirmişəm ki, Qarabağ müharibəsində iştirak edən zamandan ayağımın birində qəlpə qalıb. Yoxlama zamanı həmin qəlpə səs edə bilər. Orada söyüş söyməyimə görə əməlimdən peşmanam.

Özüm Qarabağ müharibəsi iştirakçısı olmaqla oğlumun biri də Vətən müharibəsi iştirakçısıdır və 4 medalla təltif edilib. Xidmətdən böyrəyimin birini itirmiş vəziyyətdə qayıtmışam. 2 uşağım məktəblidir. Qızı ərdə, digər oğlum isə həqiqi hərbi xidmətdədir. Ailəmin yeganə qazanc gətirən şəxsiyəm”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vüsal 70 manat məbləğində cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az