Deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında parklama sistemində güzəştlərin tətbiq edilməsini təklif edib. O qeyd edib ki, parklama ilə bağlı güzəştlər digər kateqoriyadan olan şəxslərə də şamil edilməlidir: “Bakıda müəyyən yerlərdə yeni tətbiq edilən “Azparkinq” sistemi çox mütərəqqi sistemdir. Bu sistemdən istifadə edən bəzi kateqoriyalar güzəştli imkanlara malikdir. Məsələn, yaşadıqları binanın ətrafında avtomobillərini park edənlər ödənişlərdən azaddırlar. Bizə müraciətlər olur ki, mümkündürsə, bu güzəştlər digər kateqoriyadan olanlara da şamil edilsin”. Deputat bildirib ki, vətəndaşlar iş yerlərinin yaxınlığında avtomobillərini park edə bilmək üçün günün sonunda müəyyən məbləğ ödəməli olurlar, bu isə onların büdcəsinə təsirsiz ötüşmür: “Vətəndaşlarımız 8 saat iş yerində olurlar. Avtomobillərini iş yerinin qarşısında saxlayırlar və onlara güzəşt yoxdur. Vətəndaş məcburdur avtomobillə iş yerinə gəlsin və 8 saat orda olsun. Əgər parklama yerində ödəniş 1 saata görə 1 manatdırsa, gün ərzində ciddi məbləğ yaranır. Eyni zamanda bəzi tələbələr də universitetə avtomobillə gəlirlər. Onlar da belə güzəştlərdən uzaqdırlar. Yaxşı olmazmı ki, güzəştli kateqoriyaya bu şəxslər də aid olsun?”, - deyə F.Ağamalı bildirib.
Deputatın təklifinə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib:
“Deyilənlərlə qismən razıyam. Vətəndaşların yaşadıqları ünvanla bərabər, həm də iş yerlərinin qarşısında olan ödənişli parklama yerlərində həmin ərazidə işləyən insanlar üçün güzəştlər olmalıdır. Parklama məsələsində hazırkı tənzimləmələr normaldır. Bunun üçün mobil tətbiq istifadəyə verilib, vətəndaşlar artıq tətbiqdən istifadəyə alışırlar. Tətbiq özü də təkmilləşdirilir, yaxşı sistemdir. Milli Məclisdəki təkliflərə müsbət yanaşmaq lazımdır. Bir müddətdir ki, bu müzakirələr gedir. Vətəndaşlar iş yerlərinin qarşısında pullu parklama yerlərində hər saat görə 1 manat ödəniş edilməsindən narazıdırlar. Düşünürəm ki, iş yerinin ətrafında parklama orada işləyənlər üçün güzəştli olmalıdır”.
Törə Zeynallı Demokrat.az


