Bu ildən yerli banklar broker (vasitəçi) xidmətlərinə cəlb ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq:
“Çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən, infrastruktur baxımından planlarımız var ki, kapital bazarı effektiv işləsin.
Bundan başqa, bazarda rəqəmsallaşmaya dair planlarımız var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor, həm də emitentlərin biliklərini artıraq”.
ABM sədrinin açıqlamasına münasibət bildirən bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu, qiymətli kağızlar bazarı ilə bağlı məsələdir:
“Azərbaycanda kapital bazarı demək olar ki, yoxdur. Kapital bazarı qiymətli kağızları, səhmləri, istiqrazları əhatə edir. Var, amma çox azdır. Mərkəzi Bankın qiymətli kağızlar bazarını inkişaf etdirməklə bağlı müəyyən planları var.
O cümlədən də broker məsələsi gündəmdədir. Amma bu, yaxın gələcəkdə reallaşacaq məsələ deyil. Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur, çünki iqtisadiyyat qeyri-şəffafdır, bu sahədə qanunvericilik ürəkaçan deyil və qarşılıqlı etimad yoxdur. Kimsə desə ki, səhmimi, istiqrazımı satıram, vətəndaş gedib alacaq?!
Yox, çünki etimad etmir. Sual altındadır ki, ona hər ay və ya ildə bir dəfə elan edildiyi kimi ödəniş ediləcək ya yox. Bu cür istiqrazlar çoxdur, sonradan ödəniş də edilməyib. Ona görə də bu məsələ aktual deyil”.
Törə Zeynallı Demokrat.az


