Gəncə şəhərində 1987-ci il təvəllüdlü Kamal, toy məclisində dava salıb, qohumu Vüsala (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 iyun 2022-ci ildə, saat 22 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Min bir gecə” şadlıq sarayında keçirilən toy mərasimində baş verib. Kamal toy məcilisində iştirak edib, spirtli içki qəbul edərək orta dərəcədə sərxoş olub. O, verdiyi mahnı sifarişinin yerinə yetirilməməsinə görə narazı qalıb, ictimai yer hesab edilən şadlıq sarayının qarşısında ətrafda olan şəxslərə məhəl qoymadan səs-küy salıb.
Kamal ünvansız söyüşlər, nalayiq ifadələr işlətməsinə görə həmyerlisi və qohumu olan Vüsal ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncu onun baş nahiyyəsindən vurmasına görə hiddətlənib. Ona irad bildirən Vüsaldan qisas almaq məqsədilə bıçaqla ona xəsarətlər yetirib.
Hadisəni törədən Kamalın barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsalı əvvəllər tanıyıb: “Onunla heç bir düşmənçiliyim və ədavətim olmaylb. İyunun 5-də bacım İradı, bacımın əri Əli, bacımın 2 azyaşlı uşaqları, anam Fatma ilə “Min bir gecə”şadlıq evində dayım qızı Günelin toy mərasimində iştirak etdik. Saat 21 radələrində toy məclisində yemək yedim, spirtli içki araq qəbul etdim. Sonra toyu aparan masa bəyinə 15 manat pul verdim, bizim də qonaq kimi adımızı çəkməsini, mahnı sifarişlərimizi qəbul etməsini xahiş etdim. Tanımadığı, adını bilmədiyi masa bəyi də mənə narahat olmamağı, sifarişimi qəbul edəcəyini dedi. Lakin həmin vaxtdan xeyli vaxt keçsə də, toyda iştirak edən digər şəxslərin hər birinin mahını sifarişi qəbul edildi, bizim mahnı sifarişimizi qəbul edən olmadı. Bu məndə əsəbi vəziyyət yaratdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra toyda “xınayaxdı” mərasimi olub: “Həmin mərasimin başa çatmasına baxmayaraq, mahnı sifarişlərimiz qəbul edilmədiyindən əsəbləşdim. Masa bəyinə yaxınlaşdım və mahnı sifarişlərimizi nə üçün qəbul etməməyinin səbəbini soruşdum. Tanımadığım, adını bilmədiyi masa bəyi də təkrərən mənə vaxtı çatanda sifarişimin qəbul ediləcəyini bildirdi. Həmin vaxt artıq səbr kasam doldu. Anamı, bacımı toyu tərk etmələri üçün çağırdım. Anamın və bacımın üzərinə qışqıraraq, “gəlin məclisi tərk edək, burda bizi saymırlar”dedim. Həmin vaxtı Vüsal foyedə boynumun arxasına şillə ilə vurdu. Mən əsəbləşərək çölə çıxdım və üzərimdə olan bıçağı çıxararaq sağ əlimə götürdüm. Anam və bacıma belə toy lazım deyil, biz də qonağıq, nə səbəbə bizim mahnı sifarişlərimizin qəbul edilməməsini dedim. Sonunculara şadlıq evindən öz evimizə getmələrini bildirdim. Həmin vaxt anam, bacım, eləcədə orada olan, toya qonaq gələn xatırlamadığım qonaqlar məni sakitləşdirməyə çalışdılar. Hətta restoranın çöl pilləkənində anamı itələdim. Onun ürəyi getdi, pilləkənin üstünə yıxıldı. Bacım da onun itələməyim səbəbindən yerə yıxıldı. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğum üçün özümdə olmamışam. Sağ əlimdə tutduğum bıçaqla ailə üzvlərimdən şadlıq evindən çıxıb evə getməyi tələb etmişəm. Əətrafda olan heç kim mənə yaxınlaşmasın deyə bıçağı nümayiş etdirmişəm”.
Kamalın sözlərinə görə, bundan sonra əlindəki bıçağı qatlayıb yenidən belinə qoyub: “Bu zaman tanımadığım şəxs arxadan gələrək mənə zərbələr endirdi. Mən isə yayınmağa çalışdım. Bu zaman ətrafda olan toya qonaq gələn şəxslərin və anamın məni ondan aralamağa çalışdıqlarını gördüm. Həmin şəxs məni döyən zaman yerə yıxıldım. Bu zaman sol əlim boşluğa düşdü. Həmin şəxs təpiklə əlimə vurduğu üçün əlim sındı. Mən də həmin vaxt belimdəki bıcağı çıxardəım. Həmin şəxsi özümdən uzaqlaşdırmaq üçün bıçağı sağa-sola doğru hərəkət etdirdim. Həmin orada olan tanımadığım şəxslər məndən əlimdəki bıçağı yerə atmağımı, sakitləşməyimi tələb etdilər . Mənim belə etməkdə məqsədim həmin şəxsi qorxudaraq özümdən kənarlaşdırmaq olub. Tanımadığım şəxs məni bərk döydü. Nəticədə sol qolumdan, sağ əl və sifət nahiyəmdən şiddətli ağrılar hiss etdim. Əlimi bıçaq kəsdiyi üçün həmin şəxslərdən aralanıb bir yerdə əyləşdim və əynimdə olan olan köynəyə sağ əlimi sıxdım ki, qan axmasın. Bundan sonra piyada Samux şəhəri istiqamətində getdim. Məqsədim anam və bacımgil də toy evinə gələrlər deyə Samux rayonunda yaşayan dayımgilə, toy evinə getmək olub. Dayımgilin evinə çatmamış polis əməkdaşları məni saxladı və Gəncə şəhər Baş Polis İdarəsinə gətirdilər. Polis idarəsində məlum oldu ki, həmin dava-dalaş zamanı özümü döyən şəxsdən müdafiə etmək, onu qorxudaraq özümdən kənarlaşmaq istəyən zaman bilmədən əlində olan bıçaqla sağa-sola hərəkət etdirən zaman əlindəki bıçaq qohumum Vüsala, bacım və yeznəmə dəyib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalın sözlərinə görə, həyat yoldaşı ilə birlikdə anasının əmisi nəvəsinın toy mərasimində iştirak edib: “Toyda yemək yedim, spirtli içki qəbul etdim. Toy başlayandan təxminən 2 saat sonra siqaret çəkmək üçün zaldan çölə çıxdım. Anamın qohumu Kamalın əlində bıçaqla öz anasını itələmiyini gördüm. Həmin vaxt istədim ki, Kamalı sakitləşdirim. Lakin Kamal sakitləşmədi. Bu zaman Kamalın anası məni kənara çəkdi. Dedi ki, işin yoxdur, dəymə. Mən də kənara çəkildim. Amma Kamalı sakitləşdirən zaman aralıqda əlindəki bıçaqla mənim sol yan tərəfimdən vurmuşdu. Həmin vaxtı ətrafda olan bir neçə nəfər, o cümlədən bacısımın yoldaşı Amil də Kamalın üzərinə düşdü. Mən Amili aralamaq istədim. Bu zaman Amil mənə bıçaqlandığımı dedi. Bunu eşitdikdən sonra özümü itirdim. Sonradan məni Amilin maşını ilə Gəncə şəhər Beynəlxalq xəstəxanaya apardılar”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamal 4 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


