Media Özəl

Qələmdən sui-istifadə edənlər…

Qələmdən sui-istifadə edənlər…

Jurnalistin işi təkcə informasiya istehsal etmək yox, həm də peşə etikasına əməl etməkdir. Bura obyektivlikdən tutmuş tərəfsizliyə qədər çox şey daxildir, o cümlədən, davranış qaydaları. Bu bizim yazdığımız, yaxud Azərbaycanda ortaya çıxan qaydalar deyil, bütün dünyada qəbul edilmiş beynəlxalq prinsiplərdir.

Dünyanın nəhəng media orqanları əməkdaşlarının bu qaydalara əməl etməsinə xüsusilə həssas yanaşırlar.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Ötən gün metronun Nəriman Nərimanov stansiyası yaxınlığında keçirilən aksiyada baş verənlər göstərdi ki, Azərbaycan mediası jurnalistlərin peşə etikasına əməl etməsi üzərində nə qədər işləsə də, hətta bununla bağlı böyük təcrübə əldə etsə də, hələ də “çürüklərimiz” qalıb. Məsələni bir qədər də konkretləşdirsək, jurnalist Gülnaz Qəmbərlinin davranışları jurnalist adına utancverici idi. Gülnaz Qəmbərli özünü jurnalist kimi yox, anarxiya carçısı kimi aparırdı. Halbuki, jurnalistin işi hadisə yerindən informasiya hazırlamaq, baş verənləri cəmiyyətə çatdırmaqdır. G.Qəmbərlinin davranışı isə göstərdi ki, mediamızda hələ də “əlimikrafonlu etirazçılar” qalır. Jurnalist özünü informasiya hazırlayan peşəkar kimi yox, aksiyanın tərəfi kimi aparır, asayiş keşikçilərinə qarşı təxribat törətməyə cəhd edirdi. Ən pisi odur ki, polis aksiyaya iştirakçı kimi qatılan jurnalistə qarşı qanun çərçivəsində hansısa addım atarsa, aləmə car çəkirlər ki, “jurnalistin peşə fəaliyyətinə maneə törədilir”.

Axı hansı peşə fəaliyyətindən danışırlar?

Əlinə mikrafon almaq istədiyini etmək demək deyil. Əslində Gülnaz Qəmbərli tək deyil, sayları çox olmasa da, hələ də belə “jurnalistlər” var, hərçənd ki, nə peşə etikası, nə media prinsipləri onlara jurnalist deməyi qadağan edir. Onlar “əlimikrafonlu etirazçılar”, daha doğrusu, “qələmdən sui-istifadə edənlər”dir.

Müşahidələr də onu göstərir ki, belə “jurnalistlər”in əsas işi də informasiya hazırlamaq yox, məhz təxribat törətməkdir. Aksiyalarda polislərə qarşı təxribat edir, qanun çərçivəsində addım atdıqda da “söz azadlığı pozulur” iddiası üzərindən kampaniya aparırlar.

Bu hallara qarşı təkcə Mətbuat Şurası yox, bütün media cameəsi mübarizə aparmalıdır. Çünki ortada jurnalist adından sui-istifadə halları var və son nəticədə zərbə məhz peşəmizə dəyir. Peşəmizi, adımızı, bir sözlə, mediamızı qorumaq naminə jurnalist adına yaraşmayan davranışlar sərgiləyənlərə qarşı birləşmək, etiraz etmək, mübarizə aparmaq zamanıdır!

Elmar Heydərli Demokrat.az

NE
Nihadə Eyyubova