”Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bugünkü iclasda deyib ki, qanuna edilən yeni təkliflər razılaşdırılması və rəy verilməsi üçün müvafiq qurumlara göndəriləcək: “Hesab edirəm ki, artıq yaz sessiyasında təklif və rəyləri yekunlaşdırıb “Ali təhsil haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxara biləcəyik”.
Təhsil eksperti İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, “Ali təhsil haqqında” qanun ali təhsillə bağlı hüquqi bazanı tənzimləyən mühüm sənəd olacaq:
“Azərbaycanda bu qanun ilk dəfədir hazırlanır, bunun özü bir yenilikdir. Ali təhsil “Təhsil haqqında” qanunla tənzimlənir. Nəzərə alsaq ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur, təhsilin bütün pillələrini əhatə edir, bununla belə təhsilin ayrı-ayrı pillələri üzrə sahəvi qanunların hazırlanmasına ehtiyac var idi. Hesab edirəm ki, qəbul ediləcək yeni qanun ölkədə ali təhsilin inkişafı ilə bağlı hüquqi normaları tənzimləyəcək. Qanunda ali təhsillə bağlı digər ölkələrin qanunvericiliyində olan mütərəqqi məqamlar əksini tapıb. Qanun layihəsi ilə tanışam, düşünürəm ki, qəbul edilməsi vacibdir. Qanun layihəsi üzərində müzakirələr davam edir. Hesab edirəm ki, Milli Məclisdə qəbul edilməmişdən əvvəl yenidən aidiyyəti strukturlar tərəfindən qanun layihəsinə baxılmalıdır. Fikrimcə ətraflı müzakirələrdən sonra qanun layihəsi daha da mükəmməlləşəcək. Qanunun hazırlanması prosesində Elm və Təhsil Nazirliyi də yaxından iştirak edib. Qanunun ali təhsilin inkişafına mühüm töhfələr verəcəyinə inanıram”.
Qeyd edək ki, "Ali təhsil haqqında" qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir. Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Törə Zeynallı Demokrat.az


