Şəmkir rayonunda 1980-ci il təvəllüdlü Xanlar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 6-da Şəmkir rayonunun Yeniabad kəndində baş verib. Xanlar yaşadıqları evdə arvadı Nərminə ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında mübahisə edib. Yaranmış mübahisə zamanı vuraraq ona hər iki gözaltı nahiyənin şişkinlik və digər xəsarətlər yetirib.
Hadisəni törədən Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 6-da, saat 17 radələrində yaşadıqları evdə olarkən arvadıdan pul istəyib, sonuncu isə pulunun olmadığını və pulu anasına xərclədiyini bildirib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə əsnasında əsəbiləşərək əlim ilə Nərminənin sifət nahiyəsinə bir neçə dəfə vurdum”.
İş üzrə zərərçəkmiş Nərminənin sözlərinə görə, sentyabrın 6-da, saat 17 radələrində əri Xanlar sərxoş vəziyyətdə evə gəlib və heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlayıb: “Mübahisə zamanı Xanlar yumruq zərbələri ilə məni vurdu. Sonradan döyülməyim barədə Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə ərizə ilə müraciət etdim. Lakin hadisədən sonra ərim məndən üzr istədi. Mən də onu bağışlayaraq barışdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xanların barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


