Sağlam münasibətlər üçün hər zaman empatiya qurmağın vacibliyindən danışırıq. Lakin insanları anlamaq üçün çox səy göstərmək də hiper empatiyaya səbəb ola bilər. Bu sindrom insanda hansı problemlərə yol aça bilər? Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov maraqlı məqamlara toxunub. O, Demokrat.az-a açıqlamasında deyib ki, empatiya hissi bütün münasibətlərdə vacib amildir:
“Empatiya sözü yunan dilindən tərcümədə başqalarının hiss və emosiyalarını yaşaya bilmək deməkdir. Biz adətən empatiya dedikdə mənfi halları nəzərdə tuturuq, çünki başqasının yerində olub onun ağır vəziyyətini anlamaq daha çətindir. Tək insanlarda deyil, bir çox canlılarda empatiya hissi var – itlər, delfinlər, fillər, meymunlarda bu hiss daha qabarıqdır. Həddən artıq empatiya hissinə sahib olmaqsa həm insanın özünə, həm də münasibətə zərərdir. Çoxları bunu anlamır. Bu cür insanlar bilərəkdən və ya düşünmədən başqalarını daha çox məmnun etmək istəyir, onların problemlərinə daha çox can yandırırlar özlərinin yetəri qədər problemləri olsa belə. Münasibətlərdə belə insanlar qarşı tərəfin daha çox qayğısına qalmağa çalışır və özünü arxa plana atırlar. Belə insan xoşbəxt ola bilməz, çünki başqalarının kədəri, problemi ona daha çox təsir edir”. 
Törə Zeynallı Demokrat.az


